Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib

Bu gün Nizami Kino Mərkəzində Baku TV-nin istehsal etdiyi “Söz” ("The word") qısametrajlı sənədli filminin təqdimat mərasimi olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların, eləcə də ictimai sektorun nümayəndələri iştirak ediblər.

Ekran əsəri 44 günlük Vətən müharibəsinə həsr olunub. Film Baku TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbər Nəsirovun həyat hekayəsini əks etdirir.

Filmin təqdimatından əvvəl Ələkbər Nəsirov açıqlamasında bildirib ki, sənədli filmin çəkilməsində məqsəd müharibə dövründə keçirdiyi hissləri tamaşaçılara çatdırmaq olub. Onun sözlərinə görə, ekran əsərində öz döyüş yolu, səngər həyatı və yaşadığı duyğular öz əksini tapıb.

Daha sonra “Söz” ("The word") qısametrajlı sənədli filminin təqdimatı olub.

Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə film rus və ingilis dillərində təqdim olunub.

“Söz” sənədli filmi beynəlxalq uğurlar da qazanıb. Belə ki, ekran əsəri Los-Ancelesdə keçirilən və hər il minlərlə filmin təqdim olunduğu “Accolade Global Film Competition”da mükafat qazanıb. Film, həmçinin “Roma Prisma Film Awards” yarışmasının finalçısı olub.

Ekran əsərinin nümayişindən sonra çıxış edən Baku TV-nin direktoru Ramin Cəfərov bildirib ki, "Söz" sənədli filminin beynəlxalq müsabiqələrdə qazandığı qələbələr Baku TV-nin uğurudur və bu nailiyyət komandanın zəhməti və peşəkarlığı sayəsində mümkün olub. O qeyd edib ki, Qarabağ mövzusunu əhatə edən filmin beynəlxalq səviyyədə tanınması və uğur qazanması Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün növbəti fürsətdir.

“Bu filmi bizə daha da yaxın edən hekayənin qəhrəmanı olan Ələkbərin Baku TV-nin əməkdaşı olmasıdır. Ekran əsərində qəhrəman öz dilindən müharibədən əvvəlki dövrü, 44 gün davam edən Vətən müharibəsi zamanı keçirdiyi hissləri və Zəfərdən sonrakı emosional durumunu təsvir edir”, - deyə R.Cəfərov vurğulayıb.

Filmin rejissoru Leyli Məhərrəm deyib ki, ekran əsərində əsas məqsəd Qarabağ həqiqətlərini birbaşa hadisə iştirakçısının dilindən dünyaya çatdırmaqdır. O diqqətə çatdırıb ki, filmin beynəlxalq müsabiqələrdə uğur qazanması bütün komanda üçün böyük fəxrdir.

Qeyd edək ki, IMDB tərəfindən təsdiqlənən “Accolade Global Film Competition” dünyanın ən nüfuzlu 25 film festivalından biridir. 21 illik tarixində festivalda dünyanın məşhur aktyorları, prodüserləri, rejissorları və ssenaristləri mükafatlandırıblar. Mükafatçılar arasında Ridli Skott, Maykl Duqlas, Killian Merfivə Erik Roberts kimi məşhur şəxslər var.

Bütün xəbərlər Facebook səhifəmizdə