Saatlıda “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilib
Saatlı rayonunda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
SİA-nın məlumatına görə, Rayon icra hakimiyyətindən bildirilib ki, mərasim iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Təqdimat mərasimində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub.
Çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Qərbi Azərbaycanın minilliklər boyunca xalqımızın yaşayış məskəni olduğunu bildirib. Bu torpaqların nəinki coğrafi anlamda, həm də mənəvi baxımdan hər birimizin qəlbində əvəzsiz yer tutduğu vurğulanıb. O, Qərbi Azərbaycan irsinə həsr olunan kitabın hazırlanmasında iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov bildirib ki, hazırkı Ermənistan ərazisi yüzilliklər boyunca Qərbi azərbaycanlıların yaşayış yeri, doğma yurd-yuvaları olub. Lakin XX əsrin müxtəlif dövrlərində Ermənistan hökumətinin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Qərbi azərbaycanlılar doğma yurdlarından zorla deportasiya edilib. Diqqətə çatdırılıb ki, bu proses zamanı on minlərlə insan ev-eşiyindən didərgin düşüb, min illərlə formalaşan maddi və mənəvi irs-məscidlər, qəbiristanlıqlar, abidələr, məktəblər və məişət mədəniyyəti izləri sistemli şəkildə dağıdılıb. Əziz Ələkbərov müəllifi olduğu kitabın hazırlanması və nəşri ilə bağlı əsas mərhələləri iştirakçıların diqqətinə çatdırmaqla, bu kitabın gələcəkdə məktəblər və universitetlər üçün dərs vəsaitlərinin hazırlanmasında mənbə kimi istifadə olunacağını bildirib.
Sonra çıxış edən rayon ziyalısı Lütvəli Şıxəliyev vurğulayıb ki, Azərbaycan Respublikasının müxtəlif bölgələrində məskunlaşan Qərbi azərbaycanlılar haqlarının tanınmasını və tarixi yurdlarına qayıdışının təmin olunmasını istəyirlər.
Tədbirin sonunda “Qərbi Azərbaycan irsi” tədqiqatlarına həsr olunan videoçarx nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə