Mədəniyyət Nazirliyinin “Zəfərdən qələmə” adlı pyes müsabiqəsi davam edir

Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən “Zəfərdən qələmə” adlı pyes müsabiqəsi davam edir. Nazirlikdən SİA-ya bildirilib ki, şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin beşinci ildönümü münasibətilə keçirilən müsabiqənin əsas məqsədi yeni bədii əsərlərin yaranmasına stimul verməkdir.

Müsabiqənin şərtlərinə görə hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Əsərlər orijinal olmalı, daha əvvəl heç yerdə çap edilməməli və yayımlanmamalıdır. Əsərlər Azərbaycan dillində yazılmalıdır. Əsərlərdə 2020-ci ilin 44 günlük Vətən müharibəsi və Azərbaycan Ordusu tərəfindən 2023-cü ildə Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatının qəhrəmanları, müharibənin sosial, psixoloji və hərbi təsirləri, tarixi Zəfərimiz əks etdirilməlidir.

Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.

Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq, 3 nəfər qalib seçiləcək. Birinci yerin sahibinə 3000, ikinci yerin qalibinə 2500, üçüncü yeri tutan müəllifə isə 1500 manat pul mükafatı təqdim olunacaq.

Müsabiqəyə pyeslərin qəbulu sentyabrın 30-da başa çatacaq.

İştirakçılar tərəfindən əsərlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Əlavə məlumat üçün (012) 147 nömrəsinə müraciət edə bilərsiniz.

Mədəniyyət Nazirliyi müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququ qorunmaqla toplu şəklində nəşrini həyata keçirə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə