“TRT AVAZ”ın “Yüzler” sənədli film layihəsinin ilk siması...

“TRT AVAZ” telekanalı tərəfindən hazırlanan “Yüzler” (“Simalar”) adlı sənədli filmin çəkilişlərinə start verilib. Layihənin birinci hissəsi Azərbaycanın ilk beynəlxalq qrosmeysteri, İslam dünyasında qadınlar arasında ilk beynəlxalq qrosmeyster, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevaya həsr olunacaq.

SİA xəbər verir ki, bununla bağlı açıqlama verən filmin rejissoru Murad Ocak bildirib ki, bu ekran əsərində Aynur Sofiyevanın uşaqlıq illərindən başlayaraq, dünya miqyasında tanınan bir şahmat ustası və sahəsi üzrə liderlik mövqeyinə qədər yüksələn həyat yolu əks etdiriləcək.

Onun sözlərinə görə, ekran əsəri şahmat metaforası ilə Azərbaycanın müasir simasını, Bakının futuristik elementlərini və mədəni zənginliyini əks etdirməyi hədəfləyir. Çəkilişlərin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Teleqüllə, ADA Universiteti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası kimi ölkəmizin müxtəlif tanınmış məkanlarında aparılması nəzərdə tutulur.

Qeyd edək ki, layihə türk dövlətlərində elm, incəsənət, idman və digər sahələrdə uğur qazanmış qadınların həyat yollarını nümayiş etdirərək, xanımlarımızın gücünü və ilhamverici hekayələrini ön plana çıxarmağı hədəfləyir.

Filmin iyunun 23-dən 30-dək davam edən çəkilişləri ilə əlaqədar “TRT AVAZ”ın xüsusi heyəti Bakıya ezam olunub. Layihənin əlaqələndiricisi Türkiyənin “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında yayımlanan “Azərbaycan rüzgarı” verilişinin müəllifi və aparıcısı Səidə Ömərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə