Karlovı Varı Film festivalı: “Büllur Qlobus”u kim qazanacaq..?

Müsabiqə proqramına iranlı rejissorun filmi daxildir...

...İyulun 5-dən 12-dək davam edəcək Karlovı Varı Beynəlxalq Film Festivalı bu il fəxri mükafatlar alacaq ulduzların adlarını açıqlayıb.

SİA-nın məlumatına görə, bu barədə “Deadline” yazır.

İsveç aktyoru Stellan Skarsqard dünya kinosuna verdiyi müstəsna töhfəyə görə festivalın əsas mükafatı olan “Büllur Qlobus”a layiq görüləcək.

O, həmçinin rejissor Yoahim Trierin çəkdiyi “Sentimental dəyər” adlı yeni filmini təqdim edəcək.

Viki Krieps festivalın Prezident Mükafatını alacaq və daha əvvəl Kann Film Festivalında təqdim edilmiş “Love Me Tender” filmini nümayiş etdirəcək.

Eyni mükafatı rejissor Selin Sonun çəkdiyi “Materialist” adlı yay romantik komediyasını gətirəcək Dakota Conson da qazanacaq.

Təşkilatçılar müsabiqə proqramına rejissor Soheyla Beyraqinin İran istehsalı olan “Bidad” filminin də daxil edildiyini açıqlayıblar.

Film təhlükəsizlik baxımından son dəqiqəyə qədər gizli saxlanılıb. Hekayə qadınların ictimai yerlərdə mahnı oxumasına qadağa qoyulmasına baxmayaraq Tehran küçələrində çıxış edən gənc müğənnidən bəhs edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə