AMEA-da Ziyad Səmədzadənin 85 illik yubileyi qeyd olunub - FOTOLAR

İyunun 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında akademik Ziyad Səmədzadənin 85 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf mərhələləri və müasir dövr” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yubilyarın şərəfli və mənalı ömür yolundan, Azərbaycan elminə verdiyi töhfələrdən geniş söz açıb.

Qeyd olunub ki, Ziyad Səmədzadə Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynamış, uzun illər Milli Məclisin deputatı kimi fəaliyyət göstərmiş və ölkənin iqtisadi siyasətinin formalaşmasında əvəzsiz töhfələr vermiş görkəmli iqtisadçılardandır.

Sonra AMEA -nin müxbir üzvü Qorxmaz İmanov “Akademik Ziyad Səmədzadənin elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafı problemləri” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov, Belarusun ölkəmizdəki səfiri Dimitri Pineviç, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və digər çıxış edənlər akademik Ziyad Səmədzadənin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətlərindən, elmi fəaliyyətindən danışıb, yubilyara yeni uğurlar və səmərəli fəaliyyət arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə