Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə konsert keçirilib - FOTOLAR
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Daşkənddəki Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrın birgə təşkilatçılığı ilə böyük Azərbaycan bəstəkarı, musiqişünas-alim, dramaturq və pedaqoq Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə konsert keçirilib. SİA xəbər verir ki, konsertdə Azərbaycanın incəsənət xadimləri və Özbəkistan musiqiçiləri iştirak ediblər.
Ölkəmizin Özbəkistandakı səfirliyinin müşaviri Fariz Məmmədov çıxış edərək deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il böyük Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu, bir daha təsdiq edir ki, ölkəmizdə böyük bəstəkara hörmət sonsuzdur. O bildirib ki, “Leyli və Məcnun” operasını yazmaqla müsəlman Şərqində ilk operanın əsasını qoyan bəstəkarın “Koroğlu” operası, “O olmasın, bu olsun” və “Arşın mal alan” operettaları milli musiqimizin zirvələri sayılır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxışında qeyd edib ki, Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş şəxsiyyətlərdəndir. O, Azərbaycan bəstəkarlıq məktəbinin banisi, milli musiqi xəzinəsini nadir forma və janrlarla zənginləşdirən novator sənətkardır. Üzeyir Hacıbəyli təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyətinə böyük töhfə verib. Onun yaradıcılığı Azərbaycan musiqisini dünya səviyyəsinə qaldırmaqla yanaşı, Özbəkistanda musiqi və teatr sənətinin inkişafına da töhfə verib. Onun tərtib etdiyi Azərbaycan xalq musiqisinin elmi əsaslarla öyrənilməsi və notlaşdırılması milli musiqi məktəbinin formalaşmasında mühüm rol oynamışdır.
A.Marifli deyib: “Təsadüfi deyil ki, hələ ötən əsrin əvvəllərindən başlayaraq dahi bəstəkarın əsərləri dəfələrlə Daşkənddə, Səmərqənddə, Buxarada səhnəyə qoyulub və bu da özbək milli teatrının formalaşmasına ciddi təsir göstərib”.
Teatrın baş rejissoru Heydərəli Qasımov belə bir musiqi bayramını təşkil etdiyinə görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, ölkəmizdə Azərbaycan musiqisi, muğamları çox sevilir, Özbəkistanda elə bir şənlik, elə bir toy olmaz ki, orada Azərbaycan musiqisi səslənməsin.
Təxminən iki saat davam edən konsert Üzeyir Hacıbəylinin məşhur “Koroğlu” operasının uvertürası ilə başlayıb.
Konsertə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov dirijorluq edib.
Musiqi bayramında Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri Nigar Cəfərova, Atəş Qarayev, eləcə də Özbəkistanın Xalq artisti Səməndər Alimov və solist Malikə Normatovanın ifasında “Koroğlu” operasından Nigarın ariyası, “Sevgili canan” romansı, “Arşın mal alan” operettasından Əsgərin ariyası, “Nərgiz” operasından Nərgizin ariyası, “Koroğlu” operasından Koroğlunu ariyası, “Arşın mal alan” operettasından Əsgərlə Gülçöhrənin dueti səslənib.
Bundan başqa konsertdə Müslüm Maqomayevin “Təntənəli marş” əsəri, Soltan Hacıbəyovun “Karvan” simfonik suitası, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Süleyman Yudakovun “Xarəzm bayram yürüşü” və digər əsərlər də ifa olunub.
Musiqi bayramında səfirliyimizin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə