Ankarada Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə bu il dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas-alim, publisist, dramaturq və pedaqoq, ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur.

SİA xəbər verir ki, mayın 31-də Ankarada böyük musiqi xadiminin yubileyi münasibətilə “Çanaqqaladan Qarabağa: Zəfər dastanı” adlı konsert keçirilib.

Opera sənətçilərinin iştirakı ilə gerçəkləşən gecə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə iki ölkənin dövlət himnləri ifa olunub.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Baş İdarəsinin müdir müavini Volkan Akkoçun çıxışlarından sonra Xalq artistləri Azərin və Azər Zeynalovun, eləcə də qardaş ölkədən Kamil Kaplan, Çinar Onur, Güner Erkan və başqa tanınmış opera sənətçilərinin ifasında bir-birindən maraqlı musiqi nömrələri təqdim olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə