Norveçdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş musiqili videolayihə hazırlanıb
Görkəmli bəstəkar, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Norveçdə unikal musiqili videolayihə hazırlanıb. SİA xəbər verir ki, Norveçdə yaşayan azərbaycanlı musiqiçilər — pianoçu və bəstəkar Tural Rafael və klassik pianoçu Aida Ramazanova tərəfindən reallaşdırılan layihənin mərkəzində ölməz “Arşın mal alan” musiqili komediyasının bir hissəsinin orijinal interpretasiyası dayanır. İki fortepiano üçün aranjiman və nota işləmə Tural Rafaelə məxsusdur.
Videoformatın ideya müəllifi Fariz Nadir Rzayevdir. Çəkilişlər onun təsis etdiyi və Norveçdə fəaliyyət göstərən “FNR Art” şirkətinin dəstəyi ilə həyata keçirilib. Layihənin vizual həllinin gerçəkləşdirilməsi üçün Almaniyadan peşəkar azərbaycanlı operator Orxan Bari dəvət olunub.
Layihə müəlliflərinin sözlərinə görə, videonun Azərbaycan Respublikasının Müstəqillik Gününə – 28 May tarixinə təqdim olunması təsadüfi deyil.
“Dahi bəstəkar Üzeyir Hacıbəylinin irsinə ehtiram əlaməti olaraq ərsəyə gəlmiş bu layihə, eyni zamanda, müstəqil Azərbaycanın zəngin musiqi irsinin Avropada daha geniş tanıdılmasına xidmət edir”, – deyə F.N.Rzayev bildirib.
Qeyd edək ki, Tural Rafael Kongsberg Jazzfestival və Musikkfest Oslo kimi nüfuzlu festivalların iştirakçısıdır. O, Fransa, Almaniya, Norveç, İtaliya və İsveçrə kimi ölkələrdə keçirilən konsert və musiqi forumlarında Azərbaycan musiqisini layiqincə təmsil edib. Bundan əlavə, bir sıra tanınmış norveçli musiqiçilərlə uğurlu əməkdaşlıqlar qurub.
Aida Ramazanova nüfuzlu Qriq Akademiyasının məzunu, beynəlxalq müsabiqələr laureatıdır. O, xarici səhnələrdə, festivallarda və klassik musiqi layihələrində fəal iştirak edir. Onun repertuarı həm Azərbaycan, həm də dünya klassik musiqisinin seçilmiş nümunələrini əhatə edir. Aidanın ifasında yüksək texniki ustalıq, incə musiqi duyumu və parlaq emosional ifadə gücü öz əksini tapır.
Bütün xəbərlər Facebook səhifəmizdə