Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il mayın 21-dən 27-dək bütün dünyada “Türk mətbəxi həftəsi” keçirilir.
SİA xəbər verir ki, “Türk mətbəxi həftəsi” çərçivəsində mayın 26-da Türkiyənin Bakıdakı səfirliyi və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə tədbir təşkil olunub.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turganer, diplomatik nümayəndəliklərin təmsilçiləri, Milli Məclisin deputatları və media nümayəndələri iştirak ediblər.
Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün çıxışında "Türk mətbəxi həftəsi" çərçivəsində təşkil olunan tədbirlərdə qonaqlara zəngin və dadlı türk mətbəxindən nümunələr təqdim edildiyini bildirib.
“Bugünkü tədbirimizdə bir sıra ölkələrin diplomatik nümayəndələri iştirak edirlər. Əminəm ki, qonaqlar təqdim olunan ləziz təamlardan dadaraq məmnun qalacaqlar. Hər birinizi bu tədbirin ab-havasından və mətbəximizin dadından zövq almağa dəvət edirəm”, - deyə B.Akgün qeyd edib.
Tədbirin sonunda Türk mətbəxinin milli təamları təqdim olunub.
“Türk mətbəxi həftəsi”nin məqsədi zəngin tarixi, coğrafi müxtəlifliyi və dərin köklərə sahib olan Türk mətbəxini dünyaya tanıtmaq, unudulmaqda olan ənənəvi reseptləri yenidən gündəmə gətirmək və bu mədəni irsi gələcək nəsillərə ötürməkdir. Bu həftə ərzində təkcə yeməklər deyil, eyni zamanda, bölgələrin həyat tərzi, süfrə mədəniyyəti və birgə paylaşım dəyərləri də qonaqlara təqdim olunur. Məqsəd yeməklərin dadından daha çox onların daşıdığı tarix, hekayə və mədəni zənginliklərlə insanları bir araya gətirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə