Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş tamaşa hazırlanır

Sumqayıt Dövlət Dram Teatrında Qarabağ müharibəsinin əfsanəvi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” adlı tamaşa hazırlanır. Səhnə əsəri Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında hazırlanan qəhrəmanlıq dramıdır. Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, qurluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Ümid Abbaszadədir. Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edəcək.

Tamaşada Natiq Qasımovun qəhrəmanlığından geniş bəhs edilir. Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Natiqi Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır. O, hətta təslim olduqda belə Azərbaycan Bayrağını düşmənə vermir. Natiq Qasımov əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirilir. Prezident İlham Əliyevin 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Tamaşanın premyerası yaxın vaxtlarda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə