Bakıdan Düşənbəyə sənət körpüsü...

...Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycan ilə Tacikistan arasında yeni mədəniyyət körpüsü qurulur. Mayın 19-dan 22-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu tədbirlər strateji tərəfdaş olan ölkələrimizin daha da yaxınlaşmasına, mədəni mübadiləyə yeni töhfələr verəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var. Dövlət başçılarının səmimi dostluq münasibətləri və qarşılıqlı səfərləri iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında müstəsna rol oynayır. Prezidentlər İlham Əliyev və İmoməli Rəhmon tərəfindən 2024-cü il mayın 23-də Bakıda “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.

Ölkələrimiz arasında mədəni əməkdaşlıq da uğurla inkişaf edir. 2007-ci ildə Azərbaycanda ilk dəfə Tacikistan Mədəniyyət Günləri, 2008-ci ildə isə dost ölkədə mədəniyyət günlərimiz gerçəkləşib. Sonrakı dövrdə qarşılıqlı olaraq kitab sərgilərində iştirak, eyni zamanda, iki ölkənin yaradıcı kollektivlərinin səfərləri, nəhayət, 2024-cü ilin may ayında Bakı və Gəncə şəhərlərində təşkil olunan Tacikistan Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin tərəqqisinin göstəricisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə