Azərbaycan beynəlxalq “Fəs Sufi Musiqisi Festivalı”nda təmsil olunur
Mərakeşdə 28-ci Fəs Festivalı başlanıb. Mərakeş Kralı VI Məhəmmədin himayəsi ilə keçirilən tədbirin budəfəki şüarı “İntibah” adlanır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, festivalın açılış mərasimində Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa, Azərbaycanın Rabatdakı səfiri Nazim Səmədov, digər diplomatik korpusların rəhbərləri, eləcə də musiqi kollektivləri iştirak ediblər.
Mayın 24-dək davam edəcək tədbirdə on beş ölkədən 200-dən çox musiqiçinin çıxışı planlaşdırılır. Azərbaycanı bu beynəlxalq festivalda Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Səfir N.Səmədov Rabatdakı müxbirinə müsahibəsində bildirib ki, ənənəvi Fəs musiqi festivalı Azərbaycan mədəniyyətini və ənənələrini nümayiş etdirmək baxımından böyük bir fürsət olacaq. O qeyd edib ki, bu, beynəlxalq incəsənət və mədəniyyət tədbirində Azərbaycanın ilk iştirakı deyil.
Səfir, həmçinin vurğulayıb ki, tədbir çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin direktorunun festival rəhbərliyi ilə görüşü planlaşdırılır. Görüş zamanı Azərbaycanla Mərakeş arasında incəsənət və mədəniyyət sahələrində əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanacaq.
Fəs Sufi Mədəniyyəti Festivalı dünyanın hər yerindən musiqi və sənətkarları bir araya gətirir. Festival Mərakeşin ən maraqlı və orijinal tədbirlərindən biridir. Dünya auditoriyasına açıq olan festival təsəvvüf mədəniyyəti irsinin, onun əsərlərinin, sənət və sənətkarlıq nümunələrinin təbliğini həyata keçirir. Festival çərçivəsində dəyirmi masalar, konsertlər, sənət sərgiləri, ustad dərsləri təşkil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə