İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert olub

İstanbulun ən böyük mədəniyyət məkanı olan Atatürk Mədəniyyət Mərkəzində (AKM) görkəmli Azərbaycan bəstəkarı İlyas Mirzəyevin konsert proqramı təşkil edilib.

SİA xəbər verir ki, bəstəkarın doğum günündə təşkil edilən proqramda İlyas Mirzəyevlə yanaşı, Ankaranın Musiqi və İncəsənət Universitetinin (Müzik ve Güzel Sanatlar Üniversitesi) rektoru professor Erhan Özdenin də neydə ifası dinlənilib.

Tədbirin rəsmi hissəsində çıxış edən AKM-nin bədii rəhbəri Remzi Buharalı azərbaycanlı bəstəkarın yaradıcılığı barədə tamaşaçılara məlumat verib.

Bildirilib ki, İlyas Mirzəyev beş simfoniya, 12 konsert və çox sayda fərqli əsərin müəllifidir. O, bir çox festivalda İlyas Mirzəyevlə birgə konsertlərdə iştirak etdiyini də xatırladıb.

Konsertdə İlyas Mirzəyevin Türkiyənin tanınmış kardioloqu, professor Barbaros Dokumacıya həsr olunan yeni, “Humanizm” əsərinin də təqdimatı olub. Proqramda caz əsərlərindən əlavə Türkiyənin fərqli musiqi nümunələri də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə