Fidan Hacıyeva: Klassikanın canlı olduğunu göstərə bildik

Bakıda aprelin 23-dən 29-dək Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı keçirildi. Yeddi gün ərzində şəhərin müxtəlif məkanlarında həm tanınmış ifaçıların, həm də gənc opera müğənnilərinin, eləcə də 6-16 yaş arası gənc istedadların iştirakı ilə konsertlər təşkil edildi.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, festivalın təşkilatçısı, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva tədbirlə bağlı təəssüratlarını və gələn il üçün planlarını bölüşüb.

- Fidan xanım, II Beynəlxalq Opera Festival başa çatdı, sizi təbrik edirəm. Tədbir necə keçdi? Razı qaldınızmı?

- Hər şey çox yaxşı keçdi! Bütün çətinliklərə baxmayaraq, bu, əsl nağıl idi. Biz orkestr partituralarını hazırlayırdıq. Festivalda ilk dəfə orkestrlə ifa edən gənc vokalçılar iştirak edirdilər - onları çıxışa hazırlaşdırmaq lazım idi. Onlar Milli Konservatoriyanın, mənim vokal məktəbimin tələbələridir. Bu, tələbələr üçün çox maraqlı, bizim üçün isə əziyyətli iş idi. Festival keçirmək çox çətindir: məşqlər, əsəb, logistika. Mən komandama təşəkkür edirəm - hər şey mükəmməl, səhvsiz keçdi. Mən, həmçinin bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Festivalın bağlanışında, Filarmoniyada keçirilən qala-konsertdə insanlar ayaq üstə alqışlayırdılar. Bu, çox həyəcanlı idi, hətta ağlamaq istəyirdim. Biz hər şeyin öhdəsindən gəlməyi bacardıq. Ən əsası odur ki, biz klassikanın canlı olduğunu göstərə bildik. Amma bunu dəstəkləmək və təbliğ etmək lazımdır. Ona görə də belə festivallara çox ehtiyac var.

Çox şadam ki, bu festivalı Vətənim üçün keçirmişəm. Çünki mən əsl vətənpərvərəm, Vətənimi sevirəm. Mən musiqimizi, klassik musiqini sevirəm və onu tərənnüm etmək istəyirəm, opera sənətinin inkişafını istəyirəm.

- Bu il üçün əsas məqsəd nə idi və ona nail ola bildinizmi?

- Məqsəd gənc opera ifaçılarının iştirakı ilə “Arşın mal alan” operettasını təqdim etmək idi. Tamaşa böyük uğur qazandı. Biz gənc sənətçilərə dəstək olduq, səhnəyə yeni səslər gətirdik. Çox şadam ki, Cahan xala rolunu ifa etdim. Opera Teatrı tamaşamızı çox bəyəndi. Dəstəyinə, köməyinə və iştirakına görə onlara və Opera Teatrının simfonik orkestrinə dərin təşəkkürlərimi bildirirəm.

Ümumiyyətlə, mənim məqsədim yeni səsləri nümayiş etdirmək, gəncləri səhnəyə çıxarmaq idi ki, onlar eşidilə və diqqət çəkə bilsinlər – bizim çoxlu istedadlı vokalçılarımız var!

- Festivalda çox gənc ifaçılar da iştirak edirdi. Bu il onların sayı çox idi. Uşaqları böyük səhnədə tanıtmaq sizin üçün niyə bu qədər vacibdir?

- Uşaqları ümumiyyətlə mədəniyyətlə, musiqi ilə tanış etmək lazımdır. Hesab edirəm ki, uşaqlarla ulduzlar məşğul olmalıdır ki, uşaqlar onlardan sənəti öyrənsinlər. Çünki uşaqlar bizim gələcəyimizdir. Məsələn, mənim xələflərimin olması mənim üçün çox önəmlidir. Bir gün səhnədən gedəcəyəm, amma davamçılarım qalacaq. Mənim üçün bu, ən vacib məqamdır.

- III Beynəlxalq Opera Festivalı ilə bağlı planlarınız varmı?

- Mən artıq bu barədə düşünürəm. Bunun üçün vaxtım var, hələ tələsmirəm. Üstəlik, qarşıda bir çox başqa tədbirlər də var: məsələn, 28 May - Müstəqillik Günündə mənim Vyetnamda simfonik orkestrlə solo konsertim olacaq. Digər solo konsertlər də gözlənilir. Sentyabrın 18-də “Arşın mal alan” Naxçıvana səfər edəcək. Biz onu Londonda da təqdim edəcəyik. Odur ki, indi bu layihələrlə məşğul olmaq lazımdır. Lakin təbii ki, gələn il biz III Beynəlxalq Opera Festivalını da səbirsizliklə gözləyirik!

Bütün xəbərlər Facebook səhifəmizdə