Artıq ənənə şəklini almış “Türk Mədəniyyəti və Dili Günü” bayramında Azərbaycan xüsusi stendlə təmsil olunur. Məqsədimiz Azərbaycan tarixini, mədəniyyətini və qastronomiyasını gənclərə tanıtmaqdır. Onları ölkəmizlə bağlı məlumatlandırmaqdır.
SİA-nın məlumatına görə, bu fikirləri İNALCO-da beynəlxalq əlaqələr fakültəsinin 2-ci kursunda təhsil alan və “Türk Mədəniyyəti və Dili Günü” bayramında Azərbaycan stendinin təşkilatçısı Dilbər Nəcəfova tədbir çərçivəsində deyib. O bildirib ki, institutda ölkəmizə qarşı qərəzli mövqeyə rəğmən mədəniyyətimizi, tariximizi və mətbəximizi tanıtmaq üçün stendimizin təşkilinə nail olub.
“Bura təkcə İNALCO-nun deyil, ümumiyyətlə Parisdə olan universitetlərin tələbələri, eləcə də yerli ictimaiyyətin nümayəndələri gəlir və stendlər vasitəsilə hər bir türk dövlətinin tarixi, mədəniyyəti və mətbəxi ilə tanış olurlar.
Ötən il və bu il Azərbaycan stendinin təşkilatçısı mən olmuşam. Məqsədim tariximizi və mədəniyyətimizi tələbələrə tanıtmaqdır. Bu İnstitutda Azərbaycana qarşı qərəzli münasibət var, ancaq çətinliyə baxmayaraq, israrla stendimizi təşkil etdik. Fransa, eləcə də digər ölkələrdən olan tələbələr tariximiz, mədəniyyətimiz və mətbəximizə dair kitablarla maraqlanırlar”, - deyə D.Nəcəfova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə