Parisdə Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO) “Türk Mədəniyyəti və Dili Günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə türkdilli ölkələrin milli adət-ənənələri nümayiş olunub.
SİA xəbər verir ki, tədbirdə Azərbaycan İNALCO-da təhsil alan tələbələrimizin təşkilatçılığı ilə mədəniyyətimizi əks etdirən stendlə təmsil olunub. Dövlət Bayrağımızla bəzədilmiş Azərbaycan stendində ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi haqqında fransız dilində çap edilmiş kitablar, xalçaçılıq, eləcə də milli qədim sənətkarlıq nümunələri sərgilənib. Həmçinin türk xalqlarının incəsənət nümunələri təqdim olunub.
İNALCO-da təhsil alan azərbaycanlı tələbələr milli rəqsimizi ifa ediblər. İştirakçılar Azərbaycan paxlava və şəkərburası, eləcə də qutabları daxil olmaqla, türk xalqlarının milli mətbəxinin ləziz təamlarını dadıblar. Tədbirdə türkdilli ölkələrin milli rəqsləri təqdim olunub.
Parisdə müxtəlif universitetlərdə təhsil alan yerli və xarici tələbələr, eləcə də ictimaiyyət nümayəndələri “Türk Mədəniyyəti və Dili Günü”nə həsr olunmuş stendləri ziyarət ediblər. Onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu mədəniyyət günləri müxtəlif coğrafi ərazilərdə yaşayan türk xalqlarının mədəni irsinin tanıdılmasına xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə