Berlində azərbaycanlı gənc musiqiçilər Xədicə Cahangirovanın (piano) və Surə Rüfət Həsənlinin (skripka) konserti olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən konsertdə səfirliyin əməkdaşları, alman musiqisevərlər, bir sıra ölkələrdən olan tələbələr, Azərbaycan icmasının və dost icmaların təmsilçiləri iştirak ediblər.
İstedadlı gənclərimiz tərəfindən Azərbaycanın Dövlət Himninin ifa olunması ilə başlayan gecədə dünya və Azərbaycan klassik musiqisinin inciləri səsləndirilib. Xədicə Cahangirova pianoda Bax, Bethoven, Raxmaninov və Şopenin, Surə Rüfət Həsənli isə skripkada Paqanini, Bax, Vieniavski, Debüsi və digər görkəmli bəstəkarların əsərlərini peşəkarlıqla ifa edərək tamaşaçılara unudulmaz anlar bəxş ediblər. Gənc istedadlarımızın konsertin sonunda Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”ı və Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”nı birlikdə ifa etmələri isə musiqili gecəyə xüsusi rəng qatıb. Gənclərimiz klassik musiqinin əzəmətini və dərinliyini özünəməxsus şəkildə və yeni bir ruhla təqdim edərək, tamaşaçılara musiqinin gücünü tam mənası ilə yaşadıblar. Musiqinin hər anının canlı sənət əsərinə çevrildiyi bu möhtəşəm gecədə Xədicə və Surə musiqi ilə yaratdıqları harmoniyada klassik musiqinin əzəmətini və insan ruhunun ən dərin hisslərini əks etdirməklə dinləyicilərin qəlbinə yol tapıblar.
Gənc istedadlarımızın hər ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Bir sıra musiqi müsabiqələrinin qalibi olan gənc ifaçılarımız AZƏRTAC-a müsahibələrində təhsilləri və qarşıdakı planları barədə ətraflı məlumat veriblər.
Bülbül adına orta ixtisas musiqi məktəbinin 10-cu sinif şagirdi olan Xədicə Cahangirova bildirib: “Almaniyaya ustad dərsləri almaq üçün gəlmişdik. Yekunda konsert təşkil etmək qərarına gəldik. Konsertdə Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdik”.
Azərbaycan Konservatoriyasının nəzdindəki incəsənət gimnaziyasının şagirdi Surə Rüfət Həsənova indiyədək 14 müsabiqənin qalibi olduğunu qeyd edərək deyib: “Almaniyada ustad dərslərini başa vurduqdan sonra konsert vermək barədə təklif aldıq. Bu imkanı dəyərləndirməyə çalışdıq və konsertdə məşhur bəstəkarların əsərlərini səsləndirdik”.
Qeyd edək ki, gənc istedadlar Berlindən sonra Vyanada da konsert verəcəklər. Onlar bu konsertdə də uğurla çıxış edərək Azərbaycanın musiqi irsini layiqincə təmsil etməyə çalışacaqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə