Ölkəmiz Xivədə Festival və II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur
Özbəkistanın Xivə şəhərində IV Beynəlxalq Baxşı Sənəti Festivalı və həmin tədbir çərçivəsində II Türk Dünyası Mədəniyyət Forumu keçirilir. 26-28 aprel tarixlərini əhatə edən festival Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşır.
Tədbirin açılışında Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er, Qırğızıstan mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və digər rəsmilər, mədəniyyət xadimləri iştirak ediblər.
Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovin açılış nitqində festival və forum haqqında məlumat verib. Mədəniyyət naziri Adil Kərimlinin iki qardaş ölkə arasında əlaqələrin, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də bu gün intibah dövrünü yaşadığını bildirib. Nazir I Türk Dünyası Mədəniyyət Forumunun 2023-cü ilin oktyabr ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirildiyini, ikinci Forumun isə qardaş ölkənin Şuşa ilə qardaşlamış Xivə şəhərində təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Türk Dünyası Mədəniyyət Forumu qardaş ölkələr arasında dostluq münasibətlərinin dərinləşməsində, əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlməsində mühüm rol oynayır: “Birinci Forumda Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə ilk dəfə “Türk dünyası mədəni marşrutu” layihəsi təqdim edildi, mədəni irs sahəsi üzrə rəhbər şəxslərin ilk görüşü keçirildi, bir sıra təşəbbüslər irəli sürüldü. Sevindirici haldır ki, birgə təşəbbüsümüz dövlət başçılarımız tərəfindən də təqdirlə qarşılanıb. Ötən ilin noyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkil olunan Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşündə dövlət başçılarımız II Türk Dünyası Mədəniyyət Forumunun 2025-ci ildə keçirilməsinin önəmini vurğulayıblar. İnanırıq ki, Forumda aparılacaq müzakirələr, qəbul olunacaq qərarlar Türk dünyasında mədəni əməkdaşlığın genişlənməsinə və birliyimizin möhkəmlənməsinə mühüm töhfə verəcək”.
Nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən milli mədəniyyət siyasətinin qayəsində türk dövlətləri, təşkilatları və xalqları ilə əməkdaşlığın dərinləşdirilməsi, ortaq dəyərlərimizin birgə təbliği dayanır: “Möhtərəm Prezidentimiz İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” sözləri Azərbaycanın bütün dövlət qurumları, o cümlədən Mədəniyyət Nazirliyi üçün rəhbər şüara çevrilib. Bununla yanaşı, ötən ilin iyul ayında Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşü zamanı cənab Prezident İlham Əliyevin “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır” ifadəsi fəaliyyətimizdə əsas məqsəd və əsas amaldır”.
Adil Kərimli bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinə qardaş ölkələr tərəfindən verilən töhfə ortaq tarixi-mədəni irsimizə ehtiramın bariz nümunəsidir. Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin inşası, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması, eləcə də Ağdam rayonunun Xıdırlı kəndində Qırğız Respublikasının təşəbbüsü ilə inşası davam edən orta məktəb əsl qardaşlıq və həmrəyliyin təzahürüdür. Bu cür layihələr təkcə infrastruktura deyil, həm də Türk dünyasının ortaq yaddaşının yenidən qurulmasına xidmət edir.
Nazir çıxışının sonunda festivalın və forumun işinə uğurlar arzulayıb.
Digər çıxış edənlər də hər iki tədbirin Türk dünyasının birliyi və əməkdaşlığı üçün vacibliyini vurğulayıb, bu cür mədəniyyət layihələrinin davamlı təşkilinin önəmini diqqətə çatdırıblar.
Qeyd edək ki, IV Beynəlxalq Baxşı Sənəti Festivalı çərçivəsində “Yeni Özbəkistanda baxşı sənəti: müasir tədqiqatlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans da keçiriləcək. Aprelin 28-də festivalın bağlanışı olacaq, qaliblər mükafatlandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə