"Albert haqqında danışmaq həm qürurverici, həm də kövrək duyğularla doludur" - Albert Aqarunovun qardaşı
"Bu gün mərdliyi, səmimiliyi və Vətənə olan sonsuz sevgisi ilə yadda qalan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqanurovun doğum günüdür. Onun həyat yolu və xatirəsi ailəsi, dostları və onu tanıyan hər kəsin qəlbində silinməz iz buraxıb. Albertin Vətənə olan bağlılığı, ailəsinə qarşı dərin sevgisi və insanlara göstərdiyi səmimi münasibət bu gün də sevgi və hörmətlə xatırlanır". SİA xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqanurovun qardaşı Rantik Aqarunov jurnalistlərə açıqlamasında söyləyib.
Qardaşı onunla bağlı xatirələrini bölüşərək Albertin nə qədər dəyərli və ürəyi dolu bir insan olduğunu belə ifadə edib: “Bu gün doğum günündə biz onu böyük ehtiram və dərin hüzünlə yad edirik. Albert haqqında danışmaq həm qürurverici, həm də kövrək duyğularla doludur. Çünki o, hər zaman açıqürəkli, mərd və əsl vətənpərvər bir insan olub. O, doğma torpağını, xalqını ürəkdən sevirdi və bu sevgi onun hər bir hərəkətində, davranışında, baxışında hiss olunurdu”.
Rantik Aqarunov keçmiş günləri xatırlayaraq əlavə edib: “Albert ailəmizin ən kiçik üzvü olub. Amma yaşca kiçik olmasına baxmayaraq ailədə hər kəs ona böyük hörmət və sevgi ilə yanaşırdı. O, daim pozitiv düşünməyə, ümidli olmağa və ətrafındakıları güclü olmağa ruhlandıran bir insan idi. O, bizim üçün sadəcə bir qardaş deyil, ailəmizin və Vətənimizin qürurudur. Albert heç vaxt şikayət etməzdi. Allah ona və bütün şəhidlərimizə rəhmət etsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə