Hümbət Həsənoğlu: “Onu da vurğulayım ki, Ağalar İdrisoğlunun əsl qiyməti iki yüz ildən sonra veriləcək. O vaxt ki, biz, indiki insanlar olamayacağıq, elə biz olmadığımıza görə də onun əsl qiyməti veriləcək”
2025-ci ilin mart ayının 15-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında sənət dünyasının parlaq simalarından biri, bu teatrın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi, rejissor, yazıçı-dramaturq, jurnalist, publisisit Ağalar İdrisoğlunun yaradıcılığının 60 illiyi, peşəkar teatr sənətində çalışmağının 50 illiyi və ömür yolunun 75 illik yubileyi möhtəşəm bir tədbirlə qeyd olundu. Belə ki, bu möhtəşəm tədbiri açan teatrın istedadlı aktyorlarından biri, Əməkdar artist Elnur Kərimov tədbirin başlanğıcında göstərilən maraqlı, baxımlı videoçarxın hazırlanmasında əməyi olan insanın adını qeyd etdi. Bu insan, riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Ağamehdi Mehdiəliyevin özünün yazdığı “Ağalar İdrisoğlu-75” şeiri əsasında, süni intellektlə yaratdığı mahnı və Ağalar İdrisoğlunun quruluş verdiyi tamaşalardan şəkillərin-kollaj formasının peşəkar səviyyədə olduğunu, ekranda göstərildiyini görənlər Ağamehdi müəllimi və Ağalar İdrisoğlunu alqışlarla qarşıladılar.
Beləliklə, səhnənin işıqları altında, teatrın sehrli atmosferində, sənətkarın yaradıcılıq yolu, onun sənətə bəxş etdiyi dəyərli töhfələr dərin hörmət və ehtiramla anıldı. Bu möhtəşəm gecədə səslənən alqışlar, xatirələr və sənət dolu anlar, sanki teatrın divarlarında əbədi həkk olunmuş bir sənət himninə çevrildi. Xəstə olduğuna görə bu tədbirə gələ bilməyən, sağlığında klassik adını qazanmış sevimli şairimiz, Xalq şairi, professor Nəriman Həsənzadənin təbriki vedeo ilə göstərildi. O, Ağalar İdrisoğlunu Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri kimi, Yazıçılar Birliyi adından təbrik elədi. Natiq öz təbrikində bildirdi ki, “Ağalar İdrisoğlunu keçən əsrin 80-ci illərindən tanıyıram. Belə ki, həmin vaxtı mənim yazdığım “Bütün Şərq bilsin” pyesim Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda Sumqayıt Dövlət Dram Teatrında oynanılan vaxtı Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu da bu tamaşanın həm ikinci rejissoru idi və həm də tamaşada olan məşhur yazıçı Ernest Hemenqueyin rolunu yox yüksək peşəkarlıqla oynayırdı. Həm də bu pyesin ərsəyə gəlməsində mənə köməklik edirdi. Eləcə də həmin vaxtı mənim rəhbərlik etdiyim “Ədəbiyyat və İncəsənət” qəzetində onun maraqlı yazıları çap olunurdu. Onunla həmin illərdən başlayan dostluğumuz bu günə kimi davam eləyir. Və mənim son vaxtlar yazdığım “Qürbətdə yanayn şam” və “Qarabağ Azərbaycandı! “Qarabağnamə”m İlhamdır” pyeslərimin ərsəyə gəlməsində də mənə yaxşı məsləhətlər verib. Daha doğrusu Qarabağla bağlı mənim bu poemamı Ağalar İdrisoğlu ilə birlikdə səhnə üçün dramatik, qəhrəmanlıq odası kimi işləmişik. İnanıram ki, Qarabağ müharibəsilə bağlı olan bu pyes tezliklə teatrlarda tamaşaya qoyulacq. Mən bir daha Ağalar İdrisoğlunu 60 illik yaradıcılıq, 50 illik peşəkar teatr sənətində çalışmağı və 75 illik yubileyi münasibətilə təbrik edirəm. Yaşa, yarat mənim qardaşım Ağalar müəllim”.
Sonra aparıcı, Əməkdar artist Elnur Kərimov Ağalar İdrisoğlu haqqında çıxış etməkçün sözu, otuz il Millət vəkili olmuş, Azərbaycanın müstəqilliyi üçün çox böyük işlər görmüş, ictimai xadim, Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir bəy Rüstəmxanlıya verdi. Sevimli şairimiz belə dedi:
-Salam dostlar. Sizin hamınızı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında övladlarınızla birlikdə görməyə çox sevinirəm. Çünki övladları elə bu yaşda teatra gətirmək və onlara teatrı sevdirmək alqışa layiqdir. Teatr müqəddəs yerdir. Teatr sənət məbədidir. Dünyada çox sənətlər var, amma teatr, sənətin ən ciddi yaradıcılıq növüdür. Bilirsiniz ki, Böyük Tanrı yeri, göyü, kainatı, insanları yaradıb. Amma onun öz icazəsilə balaca yaradanlar da var. Məsələn sənətkarlar var və teatr bunların içində ən öndə olanıdır. Çünki teatr bir növ Yerin özünü təmsil edir. Belə ki, Yer kürəsində teatrlar balaca bir Yer kürələridir. Burada insan həyatı-onun doğulması, onlar arasında olan münaqişələr və insanın bütün həyatı teatr səhnəsinə keçir və oradan da bizə göstərilir. Ona görə də teatr işilə məşğul olanlar, bir nov Allaha, xalqa yaxın olan insanlardır. Məhz buna görə də mən teatra müqəddəs bir yer kimi baxıram. Buna görə də dünya sənətində teatrların öz yeri var. Azərbaycan teatrı da Mirzə Fətəli Axundzadədən başlayaraq, çox şərəfli və realist bir yol keçib, həyatdan doğub və bu yolla da irəliləyir. Bütün bu illərdə teatrımız çox məşhur sənətkarlar yetişdirib. Bunlardan biri də bu gün 75 illik yubileyini qeyd etdiyimiz Ağalar İdrisoğludur. Mən onu da demək istəyirəm ki, tanıdığım teatr xadimləri içərisində Ağalar bəy qədər hərəkətli, onun qədər çevik, onun qədər işlək, bütün başqa sənətləri də teatrla bağlamağı bacaran ikincisini görməmişəm.
Mən 1970-ci illərin əvvəlində “Ədəbiyyat və İncəsənət” qəzetində teatr, mədəniyyət, incəsənət şöbəsinə rəhbərlik edirdim və həmin vaxtlar bu sahələrdə çalışan insanlarala yaxşı təmasda olurdum. Həmin vaxtı Ağalar İdrisoğlu Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda “dram və kino aktyorluğu” fakültəsində təhsil alırdı və bizim qəzetə teatrlarla bağlı yazılar, resenziyalar verirdi. Beləliklə, bizim onunla tanışlığımız həmin vaxtlardan başladı. Ağalar İdrisoğlu Masallıda doğulub. Masallı heç də Lənkəran, Naxçıvan, Gəncə kimi çox da teatral olan yer deyil. Buna baxmayaraq, Ağalar bəydə teatra maraq yeniyetməlik illərindən başlayıb. O, teatrın bütün pillələrindən keçib. Aktyor olub. Rejissor assistenti, ikinci rejissor, quruluğçu rejissor, teatrların bədii rəhbəri-direktoru işləyib. Mən onun tərcümeyi-halını burada danışmaq istəmirəm, çünki zalda olanlar hamısı bunu yaxşı bilirlər. Sadəcə onun Sumqayıt teatrına rəhbərlik etdiyi illər mənim gözlərimin qarşısındadır. O, təkcə Sumqayıtdan yox, Bakıdan da çoxlu ziyalıları teatrın bədii şurasının üzvü eləmişdi və biz, Bakıdan Sumqayıt teatrına gedib, tamaşaların qəbulunda iştirak edirdik və ürək sözlərimiz deyirdik. Biz onunla dost idik deyə mənim 50 illik yubileyimə bir tamaşa həsr eləmişdi. Mən həmin vaxtlara qədər iki pyes yazmışdım. Həmin pyeslərin əsasında Ağalar İdrisoğlu 1986-cı ildə mənimlə bağlı belə bir tamaşa hazırladı.
“Sabir Rüstəmxanlının portret cizgiləri”. Həmin tamaşaya “Uzaq əsrlərin həqiqəti” pyesimdən və Cavad xan poemamdan, usyankar, daramatik şeirlərimdən, publisist yazılarımdan da çoxlu parçaları həmin pyesə əlavə eləmişdi. Daha-doğrusu mənim yazdığım pyeslər, yazılar əsasında bu pyesi işləmişdi və mənim 50 illik yubileyimlə bağlı bu tamaşa həm Sumqayıtda və həm də respublikamızın bir sıra bölgələrində çox böyük uğurla oynanıldı. Həmin tamaşanın sonluğu isə belə bitirdi. “Ey Böyük Yaradan bu milləti birləşdirməkçün güc ver mənə!”. Əslində bu, mənim həyat amalımdı. Bu milləti birləşdirməkçün hansı yollardan keçdiyimi hamı bilir. Amma Ağalar qardaşım həmin sözləri səhnədə yüksək pafosla, peşəkar səviyyədə Ulu Zərdüştün rolunu oynayan aktyor, Xalq artisti Məzahir Süleymanovla elə yaxşı işləmişdi ki, həmin səs bu gün də mənim qulaqlarımda səslənir. Zərdüştün həmin monoloqu elə bil bu milləti səfərbər etməkçün böyük bir hayqırtı idi. Hətta Azərbaycan Dövlət Televiziyası da həmin tamaşanı çəkdi. Televiziya ilə göstəriləndə çox maraqla qarşılandı. Həmin lent Azərbaycan Televiziyasının arxivindədir. Bu gün də göztərilsə çox maraqla qarşılanar.
Mən bir qədər də əvvələ qayıtmaq istəyirəm. Ağalar İdrisoğlu Ağdam Dövlət Dram Teatrına rəhbərlik etdiyi vaxtı mənim hələ 24 yaşında yazdığım “Uzaq əsrlərin həqiqəti” pyesimə quruluş verməyə başladı. Bu pyesdə mən Ulu Zərdüştün dili ilə Sovətlər Birliyində olan haqsızlığa, insanların öz fikirlərini azad deyə bilməmələrinə, üsyanlara, repressiyalara qarşı etirazımı vermişdim. Həmin vaxtı Ağalar İdrisoğlunu Sumqayıt Dövlət Musiqili-Dram Teatrına direktor-bədii rəhbər vəzifəsinə gətirdilər və onun başladığı bu işi, bir vaxtlar Azadlıq uğrunda vuruşan və 1956-cı ildə üç rəngli bayrağımızı Qız qalasından asan və buna görə uzun illər həbsdə yatan, çox maraqlı rejissor Cahid Hilaloğlu davam etdirdi. Biz, 1990-cı ilin yanvar ayının 19-da Ağalar İdrisoğlu ilə həmin tamaşanın premyerasına getməyi planlaşdırmışdıq, amma həmin vaxtı 19-20 yanvar tarixlərində qanlı yanvar hadisələri baş verdi. Biz Bakıdan çıxa bilmədik. Rus ordusu Bakıya və rayonlarımıza zorla girib, xalqımıza görünməmiş divan tutdular. Və biz, Ağdama gedə bilmədik. Teatr həmin tamaşanı yalnız bir dəfə oynadı və daha oynaya bilmədi. Elə həmin yanvar ayında Cahid Hilaloğlunu maşınla vurub, qətlə yetirdilər. Onu vuran adamı da axtarıb tapmadılar. Bütün o dahşətli 19-20 yanvar hadisələrinə görə də hər yerdə, Ağdamda da komendant saatı oldu və teatr işləyə bilmədi. Həmin vaxtı mən bir yazı da yazdım ki, “mənim Uzaq əsrlərin həqiqəti” tamaşam da şəhid oldu”. Bəli. Ağalar İdrisoğlu təkcə aktyor-rejissor deyil. O, jurnalistika sahəsində çox maraqlı məqalələr, resenziyalar, portret yazıları yazır. Bütün bunlar azmış kimi bədii yaradıcılığın da demək olar ki, bir sıra janrlarında yazır. Onun çox maraqlı pyesləri, romanları, povestləri, hekayələri, esseləri, elegiyaları var. Mənə elə gəlir ki, o, şeirlər də yazır, amma çap etdirmir. Onun artıq 21 kitabı çap olunub və ondan da çox kitabı çap olunmaq üçün hazırdır. Ağalar İdrisoğlu 1950-ci ildə bağlalan Dağıstan Azərbaycan Dövlət Dram Teatrının da bərpa olunmasında çox iş görüb. Belə ki, o, 1997-ci ildən, 2000-ci ilə kimi Dağıstanda Dağıstan-Azərbaycan Beynəlmiləl Teatr Truppasını yaradan vaxtı və ona rəhbərlik etdiyi zamanda həmin Dövlət Dram Teatrının bərpasına köməllik edib və həmin teatr 1998-ci ildə bərpa olunub.
Sumqayıt Dövlət Dram Teatrına rəhbərlik elədiyi vaxtı həmin teatrı da Musiqili-Darm Teatrı eləmişdi və teatra 80 ştat almışdı. Onun daha ciddi teatrlarda tamaşa qoymaq istedadı var. Bunu heç kim inkar edə bilməz.
Yeri gəldi deyim ki, mənim aktyor dostum vardı Mikayıl Mirzə. Mikayıl Mirzə ilə biz, teatr, sənət haqqında söhbət eləyəndə, elə odlu-alovlu danışırdı ki, mən də ona deyirdim: “Mikayıl əgər sən mənim yanımda olsan, mən iyirmi günə bir pyes yazaram”. Çünki Mikayıl, o qədər səhnəni sevdirməyi bacarırdı ki, adam isəyirdi ki, saatlarla ona qulaq assın. Bax, Ağalar bəydə də bu cəhət var və hər bir insana teatrı sevdirməyi bacarır.
Mən ömrümü bədii yaradıcılığın başqa sahələrinə çox sərf eləmişəm. Şeirlər, poemalar, romanlar, publisist əsərlər çox yazmışam. Dünya Azərbaycanlıları Konqresinin işinə, azərbaycanlıların dünyada tanınmasına sərf eləmişəm. Amma səhnə əsərləri yazmağa vaxtım çatmayıb. Cəmi iki pyes yazmışam və həmin pyeslər də Ağdam və Sumqayıt teatrlarında tamaşaya qoyulub. Artıq Ağalar İdrisoğlu məni həvəsləndirib. “Yay tətili” adlı yeni bir pyes yazmışam və iki pyes də yazmağı planlaşdırıram. İstəyirəm ki, ədəbiyyatın bu çətin janrı ilə ciddi məşğul olum. Çünki bu gün teatrlarımıza yeni pyeslər çox lazımdır.
Əlbəttə, teatrların vəziyyəti və orada işləyənlərin güzəranı elə da yaxşı deyil. Onlara lazım olan şərait yaradılsa daha yaxşı olar. Amma bütün bu çətinliklərə baxmayaraq, Ağalar İdrisoğlu heç vaxt həvəsdən düşmür. Təkcə teatrdakı işilə öz yaradıcılığını bitmiş hesab eləmir və bədii yaradıcılıqla da ciddi məşğul olur. İnsan öz həyatını sevdiyi işlərə sərf eləyəndə həmişə gümrah, cavan qalır. İnanıram ki, o, bundan sonra da əvvəlki həvəslə bu sahələrdə yeni-yeni işlər görəcək. Bu gün tamaşaçı zalında mən onun dostlarını görürəm. Sumqayıt Dostlar Klubunun idarə heyyətinin üzvlərini. Əslində mən də özümü həmin klubda hiss eləyirəm. Həmin klubun fəxri üzvüyəm. Bu gün zalda çoxlu ziyalıları görürəm. Onların hamısı Ağalar bəyi sevərək bura gəliblər. O, doğrudan da böyük sənətkardır, amma qiyməti nə qədər verilib, onu deyə bilmərəm. Öz istəklərinə nail olmaq üçün nə qədər maniələri keçib onu da deyə bilmərəm. Çünki Ağalar kimi bacarıqlı, istedadlı yaradıcı adamlara qarşı maneə bəzən qəsdən yaradılır. Amma Allah ona böyük istedad verib və bacardığı kimi həmin istedaddan istifadə etməyi bacarır. Ona Allahdan can sağlığı arzu edirəm. O, həmişə mənə deyir ki, “ Sabir bəy, niyə məni Dünya Azərbaycanlıları Konqresinə üzv qəbul etmirsiniz?” Mən də deyirəm ki, teatrdan başın açılanda səni həmin konqresə üzv qəbul edərik. Əslində arzum budur ki, Ağalar İdrisoğlu sevdiyi sənətlərlə daha ciddi məşğul olsun ki, başqa işlər görməyə vaxtı olmasın. Mən, Ağalar İdrisoğlunu Dünya Azərbaycanıları Konqresinin həmsədri kimi təbrik edirəm və həmin təbrik məktubunda biz bu sözləri yazmışıq:
“Hörmətli Ağalar bəy!
Sizi 75 yaşınızın tamam olması münasibəti ilə səmim qəlbdən təbrik edirəm. Siz ömrünüzün müdrik çağını yaşayaraq və böyük məhsuldarlıqla işləyərək həyatdakı uğurlarınıza istedadınız, böyük zəhmətiniz, fitri bacarığınızla təxəyyülünüzün və səbrinizin vəhdətilə nail olmusunuz. Sizin həyat tarixçəniz və keşməkeşli ömrünüzlə tanış olduqda biz, bunun tam şahidi oluruq.
Hələ yeniyetmə yaşından bədii yaradıcılıq, jurnalistika ilə mışğul olaraq daha sonra özünüzü tam şəkildə teatra həsr etmiş və 50 ildən çoxdur ki, peşəkar teatr sənətində çalışmısınız. Bu vaxta qədər aktyor kimi 40-dan çox rollarda oynayıb və rejissor kimi 140-dan çox bir-birindən maraqlı tamaşalara orijinal üslubda, yüksək peşəkarlıqla quruluş vermisiniz. Sizin teatr sahəsində keçdiyiniz uğurlu yol yüksək bacarıq və peşəkarlığın təsdiqidir. Harada işləmənizdən asılı olmayaraq, həmişə çalışmısınız ki, öz işinizi yüksək peşəkarlıqla yerinə yetirəsiniz. Məhz buna görə rəhbərlik etdiyiniz teatrlar həmişə respublikanın aparıcı teatrları olub.
Yaradıcılığınızda müxtəlif janrlara müraciət edərək və hər janrda həyatda rast gəldiyiniz hadisələrin fəlsəfi kökünü araşdıraraq böyük ideyaların arxasında həyat həqiqətlərini ortaya çıxartmış, ümumiləşdirmələr əsasında insanların obrazlarını bədiiləşdirərək, cəmiyyətin, bütövlükdə, kökündə olan bəlaları üzə çıxarmış, onların həlli yolunu göstərmisiniz.
Hörmətli Ağalar bəy!
Uzun illər həyatını Azərbaycan dövlətinə, dövlətçiliyinə sərf eləyən, bu mövzuda çoxlu maraqlı yazılan yazan, Qarabağ müharibəsinə həsr etdiyiniz orijinal yazılarınızla ermənilərin işğalçılıq siyasətini dünya mətbuatına çıxaran və saytlar vasitəsilə dünya xalqlarına çatdıran dəyərli ziyalımız kimi Sizi 75 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə həyatda can sağlığı və yaradıcılıqda yeni-yeni uğurlar arzu edir və bütün dostların adından deyirəm: 75 yaşın mübarək”!
Dünya Azərbaycanlıları Konqresinin həmsədri,
Xalq şairi Sabir Rüstəmxanlı
Sabir bəyin bu təbriki çox böyük alqışlarla qarşılandı. Ağalar İdrisoğlu da Sabir bəyə özünün dərin təşəkkürünü bildirdi. Və onu da vurğuladı ki, “ bədii yaradıcılığa və jurnalistikaya gəlməyimdə Sabir bəy Rüstəmxanlının da çox böyük köməkliyi, məntiqli, ağıllı məsləhətləri böyük rol oynayıb. Belə ki, 1971-ci ildən yazılarımın “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunmasında onun və həmin vaxtlar bu qəzetə rəhbərlik edən Xalq şairimiz Nəriman Həsənzadənin çox böyük köməklikləri olub. Buna görə onlara dərin təşəkkürümü bildirirəm”.
Teatr Xadimlər İttifaqının sədri, Xalq artisti. “Şöhrət” ordenli Hacı İsmayılov çıxışında, Naidə xanım İsmayılzadə başda olmaqla teatr kollektivinə öz təşəkkürün bildirdi və sonra Ağalar İdrisoğlu haqqında dərin ehtiram və səmimi duyğularla dolu fikirlər səsləndirdi. Hacı İsmayılov sonra belə dedi: “Deyirlər ki, yaradıcı insanların çoxu həmişə yeniliklər axtarır və bu yenilikləri tapandan sonra özlərindən razı olmayıb, yenə də yeniliklər axtarırlar. Və həmin insanlar zəhmətkeş insanlar olurlar. Həmin insanlar yorulmayan insanlar olurlar. Mənim sözümdə, mənim düşüncəmdə Ağalar İdrisoğlu da yorulmayan, daima öz üzərində çalışan insandır. Böyük ziyalımız Sabir bəy Rüstəmxanlı onun yadıcılığı haqqında geniş danışdı. Mən qısa danışacam. Onun keçdiyi yol, həqiqətən də adamı sevindirir. Bu insanda nə qədər enerji var. Bu insanda nə qədər hər şeylə maraqlanmaq var. Vallah Ağaların yerinə başqa adam olsaydı deyərdi ki, “bu qədər işlər görmüşəm, bəsdir. Keçim oturum və istirahətimi eləyim. Bundan sonra qoy başqaları eləsin”. Yox. O, həmişə yenilik axtarır. Özü də çox yaradıcı adam var ki, bir ittifaqın üzvüdür. Ağalar İdrisoğlu isə üç ittifaqın üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Bu da hər insana nəsib olan iş deyil. Buna görə zəhmət çəkmək lazımdır. Buna görə bütün bu sahələrdə çoxlu iş görmək lazımdır. Ağalar bizim Teatr Xadimləri İttifaqının ən sadiq fəallarından biridir. Və inanın mənə. Tez-tez zəngləşirik və zəng eləyəndə bu adamın mənə ilk sözü belə olur: “Salam dostum!” Bundan sonra mən ona nə deyim? Əgər o, adam məni dost bilirsə, mən hirsli olsam belə onun bu sözündən sonra yumşalıram. Çünki əgər o, məni dost bilirsə mən də onu dost bilməliyəm. Ağalar İdrisoğlu Teatr Xadimlər İttifaqının gördüyü işləri mətbuatda, saytlarda ən çox çap edən insandır. Teatr Xadimlər İttifaqı ilə bağlı onun çoxlu yazıları var. Ona görə də mən ona təşəkkür eləyirəm. Bu yubileyi də biz səbrsizliklə gözləyirdik. Bizim də ona böyük bir hədiyyəmiz var. Bilirsiniz ki, hər bir vəsiqənin nömrəsi olmalıdır. Bu vəsiqənin də nömrəsi var. Özü də 01. Yəni bir nömrəli vəsiqə. Belə ki, Mehdiyev Ağalar İdris oğlu Azərbaycan Teatr Xadimləri İttifaqının idarə heyyətinin əmrilə “Teatr fədaisi” medalı ilə təltif olunur”.
Bu təltifi tamaşaçılar sürəkli alqışlarla qarşıladılar. Alqışların əks-sədası altında təqdim olunan “Teatr fədaisi” medalı, illərin zəhmətinə və sevgisinə verilmuş bir möhür kimi dəyər qazandı. Sonra Hacı İsmayılov Ağalar İdrisoğlunun rejissor kimi teatr aləmindəki əvəzsiz xidmətlərindən, yaratdığı əsərlərlə tamaşaçıların qəlbində iz qoymasından bəhs edərək, onun adının Azərbaycan teatr tarixində qızıl hərflərlə yazıldığını vurğuladı. Sonda isə fikrini belə tamamladı: “Masallıdan iki teatr sənətkarı çıxıb. Biri Ağalar İdrisoğlu və birə də Hacı İsmayılov”. Onun bu sözləri də sürəkli alqışlarla qarşılandı.
Bu anların ən parlaq məqamlarından biri isə yuxarıda yazdığım kimi Teatr Xadimlər İttifaqı tərəfindən Ağalar İdrisoğlunun “Teatr fədaisi” medalı ilə təltif olunması oldu. Bu mükafat, əslində, bir sənət fədaisinin illərlə qurub-yaratdığı, sənətə bəxş etdiyi ruhun, səhnəyə tökdüyü könül işığının təcəssümü idi desək yanılmarıq.
Ağalar İidrisoğlunu təbrik etməkçün Elnur Kərimov sözü, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri və Sumqayıt Dostlar Klubu idarə heyyətinin sədri, ictimai xadim, yazıçı, publisist Hümbət Həsənoğluna verdi. O, öz çıxışında Ağalar İdrisoğlunun bədii, jurnalistika və teatr sənətindəki işlərilə bağlı çox maraqlı fikirlər dedi və əsas da bunu vurğuladı: “Dostlar. 2025-ci il ölkə başçımız cənab İlham Əliyev tərəfindən Sumqayıt Gənclər Paytaxtı elan olunub. Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvləri burada, tamaşaçı zalındadırlar. Biz fəxr edirik ki, Ağalar müəllim də bizim Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvüdür. Ona görə də gəlin sumqayıtlıları salamlayaq. Biz, Gənclər paytaxtının nümayəndləri, Dövlət Milli Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləyən Ağalar müəllimi təbrik eləyirik. Ağalar İdrisoğlu çox etibarlı dost və həmişə dostlar üçün əlindən gələni eləyən insandır. Yüksək demokratik fikirli olmaqla, bir ziyalı kimi ömrünü xalqımızın dünyada layiqincə tanınmasına sərf eləyən və bununla bağlı çoxlu yazılar yazan insandır. Xarakteri, xasiyyəti çox bütövdür. O, insanlara xeyirxalıq və yaxşlıq etməkçün doğulub. Bunu özünün ali məqsədi bilir. Ona görə də biz, belə dotumuzla fəxr eləyirik. Mən bu çıxışımda bir maqalı hadisəni də danışmaq istəyirəm. İnanıram ki, sizinçün də maraqlı olacaq. Sevimli şairimiz, Xalq şairi Hüseyn Arif bir çoban dostunun yanına gedibmiş və Hüseyn Arif görür ki, çoban dostu onu çox bikef qarşılayır. Soruşur ki, “qardaşım məni niyə belə bikef qarşılayırsan? Məgər mənim gəlişimə sevinmirsən?” Onun çoban dostu belə deyib: “ Xeyir. Hüseyn müəllim. Sizin gəlişinizə çox sevinirəm. Amma bir bədbəxtçilik baş verib”. Hüseyn Arif soruşur ki, “nə olub?” Çoban belə deyib: “Dörd il bundan qabaq meşədən iki ayı və bir canavar balası götürüb evə gətirmişdim. O canavar balasına bu dörd ildə mən çox qulluq eləmişəm. Nə qədər ona yal vermişəm. Amma həmin canavar dünən gecə mənim on beş qoyunumu boğub, qaçıb”. Hüseyn Arif dostu çobandan bu sözləri eşidəndə gülüb və belə deyib: “ Mən səni təbrik eləyirəm”. Çoban təəccüblə ona baxıb deyib: “ Mən bu qədər ziyana düşmüşəm. Sən məni niyə təbrik edirsən?” Hüseyn Arif də çox sakitcə ona deyib: “Baxmayaraq ki, sən həmin canavara lazım olan kimi qulluq eləmisən, canavar da bütün bunlara baxmayaraq, öz canavar xistələtini qoruyub, saxlayıb”. (Hümbət Həsənoğlunun bu sözləri zalda sürəkli alqışlarla qarşılandı.)
Sonra natiq öz sözlərinə davam eləyib dedi:
-Bəli. Hər bir insanın xisləti olmalıdır. Nəyə görəsə dəyişilməməlıdir. Bax, Ağalar müəllimin də böyük məziyyəti ondadır ki, həmişə öz insanlığını, məziyyətlərini qoruyub saxlaya bilib və 75 yaşına kimi də belə qalıb. Və biz onun prinsipiallığına, teatr mövqeyinə görə, insani keyfiyyətlərinə, humanistliyinə görə onunla fəxr eləyirik. Onu da vurğulayım ki, Ağalar İdrisoğlunun əsl qiyməti iki yüz ildən sonra veriləcək. O vaxt ki, biz, indiki insanlar olamayacağıq, elə biz olmadığımıza görə də onun əsl qiyməti veriləcək. Eşq olsun Ağalar İdrisoğluna!
Sonra Hümbət Həsənoğlunun ideyası ilə çox istedadlı rəssam Arif Müzəffərovun çəkdiyi Ağalar İdrisoğlunun məşhur sərkərdə Napaleon obrazında olan portretini Hümbət müəllim yubiliyara təqdim etdi. Hümbət Həsənoğlunun bu hədiyyəsi də sürəkli alqışlarla qarşılandı.
Sonra söz, Azərbaycan Rəssamlar İttifaqının üzvü və Azərbaycan Milli Ensiklapediyası Elmi Mərkəzinin redaksiya müdiri, dünyada cərrah bıçağı ilə rəsm əsərləri çəkən yeganə rəssam Hüseyn Mirtəqeviyə verildi. O da öz növbəsində Ağalar İdrisoğlunu 75 illik yubileyi ilə təbrik elədi və sonra yubiliyara həsr elədiyi rəsm əsərini ona təqdim etdi. Onu da vurğulamaq istəyirik ki, məşhur rəssam Hüseyn Mirtəqevi bu rəsm əsərini bir il bundan qabaq çəkib və sərgilərdə nümayiş etdirib. Bu əsərə tamaşaçılar daha böyük maraqla baxıblar. Çünki rəssam bu sənət əsərində Ağalar İdrisoğlunun keşməkeşli və maraqlı həyatından çoxlu epizodları belə orijinal sənət əsərinə daxil edib. Bu sənət əsəri bir növ Ağalar İdrisoğlunun tərcümeyi-halıdır.
Sonda, teatrın quruluşçu rejissoru Ağalar İdrisoğlunu 75 illik yubileyi münasibətilə Dövlət Milli Gənc Tamaşaçılar Teatrının direktoru Naidə xanım İsmayılzadə və ümumi rəhbərliyi, yaradıcı heyyəti adından və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Adil Atakişiyevin adından Milli Gənc Tamaşaçılar Teatrının truppa müdiri, “Tərəqqi” medallı Ələsgər Muradxanlı təbrik elədi və bu sözləri dedi: “Teatr mövsümü başlayandan belə təm-təraqlı günlərimiz davam eləyir. Əlbəttə ki, bu yubileylər teatrımızın direktoru Naidə xanımın diqqət və qayğısının nəticəsidir. Bu yubileylərimiz də mövsümün sonuna qədər davam eləyəcək. Bu gün Ağalar müəllim, sizi də 60 illik bədii yaradıcılığınız, 50 illik peşəkar teatr fəaliyyətiniz və 75 illik yubileyiniz münasibətilə teatrımızın kollektivi adından təbrik edirik və sizə uzun ömür, can sağlığı arzu edirik”. Beləliklə, teatr adından Ağalar İdrisoğluna verilən orijinal üslublu, böyük mənalar kəsb edən teatr bütünü və cənab Adil Atakişiyevin fəxri fərmanı, pul mükafatı da böyük coşqu və sürəkli alqışlarla qarşılandı. Ələsgər Muradxanlının çıxışından sonra teatrın aktyoru, çox istedadlı aktyor, peşəkar qiraətçi Rəşad Səfərov məşhur şair-qəzəlxan Əli Ələminin “Ağalar kimi” qəzəlini yüksək peşəkarlıqala söylədi:
-İllər sevinərək yaş üstə gələ,
Dövrəndə rəqs edə, tutub əl-ələ,
Səndən uzaq qaça qocalıq hələ,
Sevinə ürəyin ilk bahar kimi,
Olasan növcavan Ağalar kimi.
Altmış yaşındadır qələmi onun,
Bərq vurur əlində ələmi onun,
İlham pərisidir həmdəmi onun,
Az olur yorulmaz bu yazar kimi!
Olasan növcavan Ağalar kimi.
Teatr səhnəsi onsuz darıxar,
Səsiylə səhnədə şimşəklər çaxar,
Əlli illik bu yol fəxr ilə baxar,
Qalar səhnəmizdə yadigar kimi.
Olasan yaradan Ağalar kimi.
Hələ çox yazacaq, yaradacaq o,
Nə qədər gənclərə yol açacaq o,
Onların yoluna nur saçacaq o,
Sönməyən bir məşəl, bir fanar kimi,
Olasan nur saçan Ağalar kimi.
Bilək bu kişinin qədrini, gəlin,
Sevgiylə ucaldaq məğrur heykəlin,
Ondan eşidərik sözün gözəlin,
Bilək söz qədrin bu xiridar kimi,
Sözdən söz çıxaraq Ağalar kimi.
Mən sənin şəninə nələr deyim, nə?
Qoşa qarıyasız, baba və nənə,
Sığın nəvələrin təbəssümünə,
Bir dərdi olmayan bəxtiyar kimi!
Ağalar, elə qal Ağalar kimi!
Əli Ələminin şeirini çox istedadlı aktyor-bədii qirətçi Rəşad Səfərovun yüksək həvəslə və peşəkarlıqla söyləməsini də tamaşaçılar böyük coşqu ilə qarşıladılar.
Sonra Ağalar İdrisoğlu çıxış edənlərə öz təşəkkürünü bildirdi və onu da vurğuladı ki, “bu gün tamaşaçı zalında Bolqarıstan Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndələri də var. Səfirliyin aparıcı mütəxəssisləri milliyatca türk olan İsmigül xanım Durmuş və Valentin Qaydarov başda olmaqla onlara da təşəkkürümü bildirirəm. Bu gün bizim tamaşaçılara göstərəcəyimiz tamaşa da məşhur Bolqar dramaturqu, dünya şöhrətli Panço Pançevin “Dörd əkizin nağılı” pyesidir. İnanıram ki, hamınızın xoşuna gələcək”.
Beləliklə, çıxış edənlər, sənətkarın zəngin yaradıcılıq yoluna işıq saldılar. Onlar Ağalar İdrisoğlunun ömrünü sənətə həsr etmiş bir fədakar kimi Azərbaycan teatrına bəxş etdiyi töhfələrdən, onun yaratdığı unudulmaz səhnə obrazlarından, quruluş verdiyi, tamaşaçı qəlbinə hopan tamaşalardan və yazdığı bədii əsərlərindən bəhs etdilər. Alqışlarla müşayiət olunan bu səmimi sözlər, elə bil ki, teatrın qədim divarlarında əks-səda verərək. sənətin əbədiliyini pıçıldayırdı. Bu yubiley təkcə bir insanın deyil, bir teatr epoxasının təntənəsi idi desəm yanılmaram.
Sonra yenidən Əməkdar artist, peşəkar aparıcı Elnur Kərimov səhnəyə çıxıb belə dedi:
-Bəli. Ağalar İdrisoğlu biz gənclər üçün özünün işgüzarlığı, yüksək təşkilatçılığı, həm rejissor və həm də yazıçı, jurnalist kimi böyük bir örnəkdir. Və çox sevinirik ki, onunla bir yerdə işləyirik və onun quruluş verdiyi tamaşalarda oynayırıq. Bütün çıxış edənlərə öz təşəkkürümüzü bildiririk. İndi isə əziz tamaşaçılar, gəlin Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun, Xalq artisti Vidadi Əliyevlə birlikdə tərcümə etdiyi və Ağalar İrdisoğlunun özünün də quruluş verdiyi məşhur bolqar dramaturqu Panço Pançevin “Dörd əkizin nağılı” tamaşasına baxaq. Bu tamaşa artıq on iki ildir ki, teatrımızın repertuarındadır və həmişə də anşlaqla gedir. İlk premyerası 2013-cü ilin mart ayının 10-da olub. Bu tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğludur. Musiqi tərtifatını İradə xanım Muradova verib. Tamaşadakı rəqsləri Vüsal Mehrəliyev qurub. Tamaşada rolları ifa edirlər- Dörd əkiz qardaşların rolunu, Əməkdar artist Elnur Bəhramxan oynayır. Bonka rolunda- Zümrüd xanım Quliyeva çıxış edir. Onun anası Yelena xala rolunda- Xalq artisti, Prezidentin Fərdi Təqaüdçüsü- Naibə xanım Allahverdiyeva çıxış edir. Dörd əkiz qardaşların atası Peter ağa rolunda, “Teatr fədasi” medalını almış- Kərəm Hadızadə çıxış edir. Nağılçı nənə rolunda, Əməkdar incəsənət xadimi, Əməkdar artist Qəmər xanım Məmmədova çıxış edəcək.
Bəli. Təbriklər və xoş sözlər səsləndikdən, sənət fədaisinin şərəfinə ucalan alqışlar bitdikdən sonra səhnə pərdəsi bir daha aralandı və sehrli bir nağıl başladı. Yubiliyarın quruluş verdiyi, dünyada tanınan məşhur bolqar dramaturqu Panço Pançevin “Dörd əkizin nağılı” adlı pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa teatrsevərlərə unudulmaz anlar bəxş etdi. Bu, sadəcə bir tamaşa deyildi. Bu, illərini sənətə həsr etmiş bir rejissorun fədakarlığının, onun səhnəyə olan sonsuz sevgisinin canlı ifadəsi idi. Səhnədə hər bir detal, hər bir jest, hər bir obraz, hər bir mizan sanki onun sənət yolunun parlaq cizgiləri idi. Nağıl boyu aktyorların oyununda maraqlı rejissor dəsti-xətti duyulurdu ki, bu da tamaşaya sehrli bir ahəng qatırdı. Zalda bəzən gülüş səsləri, bəzən isə dərin düşüncəyə qərq olmuş susqunluq hakim kəsilirdi. Tamaşa bitdikdən sonra isə sükutu yenə sürəkli alqışlar pozdu. Bu alqışlar da bu dəfə səhnənin, sənətin və ömrünü ona həsr edən bir ustadın, Ağalar İdrisoğlunun şərəfinə idi!
Bəli. Biz 2025-ci ilin mart ayının 15-də böyük bir tarixi gün yaşadıq. Bu tarixi gün təkcə tamaşaçıların yox, elə teatrın da bayramı idi. Çünki hiss olunurdu ki, teatrın rəhbərliyi Ağalar İdrisoğlunun 75 illik yubileyinə çox yaxşı hazılaşıb. Bu, artıq teatrın foyesinə girəndən hiss olunurdu. Çünki foyedə rejissor, yazıçı-dramaturq Ağalar İdrisoğlu-75 afişası, “Dörd əkizin nağılı” tamaşasının çox rəngarəng formada olan afişası tamaşaçıları qarşılayırdı. Və tamaşaçılar da bu afişalara maraqla baxırdılar. Tamaşaçı zalında isə kameralar qurulmuşdu və bu yubiley bütövlükdə çəkilirdi ki, gələcək nəsillər üçün də bir ərmağan kimi qalsın.
Belə təmtəraqlı, yüksək peşəkarlıqla keçən yubileydən sonra Əməkdar inəsənət xadimi Ağalar İdrisoğlundan da bir neçə söz deməsini xahiş etdik. O, bu haqda belə dedi:
- Mən bütün ayları, fəsilləri çox sevirəm, amma mart ayı mənimçün daha çox maraqlı tarixlərlə dolu aydır. İlk öncə vurğulayım ki, bizm milli bayramımız Novruz da mart ayındadır. Bütün aylardan fərqli olaraq, mart ayının bir qəribə havası, aurası var. Mən adını daşıdığım Ağa adlı qardaşım 1940-cı ilin mart ayının 15-də anadan olmuşdu. O, 1944-cü ildə atam Böyük Vətən Müharibəsində olan vaxtı soyuq, şaxtalı fevral ayında anamın qucağında acından, soyuqdan haqq dünyasına qovuşub. 1950-ci ilin mart ayının 16-da mən anadan olanda mənə onun şərəfinə Ağalar adı qoyublar. Bütün bu illərdə mən onu da yaşatmışam. Belə ki, onun əvəzinə bədii əsərlər, məqalələr yazmışam və öz əvəzimə də teatrda çalışıb, 40-dan çox rollar oynamışam və 140-dan çox tamaşalara quruluş vermişəm. İki ali məktəb bitirmişəm və həmişə də paralel iki vəzifədə işləmişəm. Və çox maraqlıdır ki, Azərbaycan Milli teatrı da mart ayının 10-da yaranıb. Sizin bu gün baxdığınız “Dörd əkizin nağılı” tamaşasının da ilk premyerası 10 mart 2013-cü ildə olub. Yuxarıda dediyim kimi mən 140 tamaşa hazırlamışam. Həmin tamaşalardan otuzunadan çoxunun da ilk premyerası mart ayında olub. Mən 9 il aktyor və 10 il bədii rəhbəri-direktoru olduğum Sumqayıt Dövlət Dram Teatrı da ilk tamaşasını 1969-cu ilin mart ayının 14-də oynayıb. Bu tamaşa Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərvişi Məstəli Şah” tamaşası olub. Bu tamaşaya da quruluşu Xalq artisti Cənnət Səlimova verib. Mən 1977-ci ildə Sumqayıt şəhərinin tarixində ilk dəfə olaraq, “Ümid” adlı Teatr-Studiya yaratmışam. Həmin Teatr-Studiyada da mənim qurluşumda olan ilk tamaşa Cəlil Məmmədquluzadənin “Kamança” faciəsini elə 1977-ci ilin mart ayının 15-də Bakıda Texniki Peşə Mktəblərinin Mədəniyyat Sarayında keçirilən festivalda oynamışıq və birinci dərəcəli diplom, pul mükafatı almışıq. Mart ayının 16-da isə həmin tamaşanı Sumqayıtdakı texniki peşə məktəblərinin şagirdləri, ustaları və müəllimləri üçün də oynamışıq. Sumqayıtlılar da bu tamaşanı alqışlarla qarşılayıblar. Xalq yazıçısı Anarın “Zəncir” pyesini də 1979-cu ilin mart ayında Respublika teatrları festivalında oynmışıq və yenə də birinci dərəcəli diplom və pul mükafatı almışıq. Bu tamaşaya görə də bizə Xalq Teatrı adı verilib və rəhbərlik etdiyim bu teatr, Sumqayıt Gənclərinin Tənqid-Təbliğ Xalq Teatrı olub. Mən ondan çox hekayəmi və eləcə də dörd teatral hekayəmi də mart ayında yazmışam. Mart ayının 27-də isə Beynəlxalq teatr günüdür. Bu tarixi gün də 1961-ci ildə Beynəlxalq Teatr İnstitutunun Vyana şəhərində keçirilən doqquzuncu konqresində təsdiq olunub. Məhz ona görə həmin vaxtdan dünyanın bütün teatrları bu günü Beynəlxalq teatr günü kimi keçirir. Görürsünüzmü mart, mənimçün necə düşərli aydır?
Mən ona da sevinirəm ki, doğulduğum və 250 min əhalisi olan Masallı rayonunun eləcə də 1976-cı ildən yaşadığım, doğma şəhərim bildiyim 500 mindən çox əhalisi olan Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu, Moskvada teatr rejissorluğu üzrə ali təhsil alan ilk mütəxəssisi və ilk Əməkdar incəsənət xadimiyəm. Bir milyondan çox əhalisi olan Cənub bölgəsinin də sonuncu yüz ildə beş dramaturqundan və dörd Əməkdar incəsənət xadimlərindən biriyəm. Həm də yeganə azərbaycanlıyam ki, “İnan mənə” pyesim 1985-ci ildə SSRİ-nin 48 dramaturqunun pyesləri arasında qalib olub və bu pyesim həmin vaxtı 1986-cı ildə SSRİ dramaturqlarının iyirmidən çox pyesləri çap olunan “Məhəbbət və başqaları” antalogiyasında çap olunub.
Mənim həyatım çox böyük məşəqqətlə, kəskin mübarizələrlə keçib. Çünki çox vaxt sözün düzünü dediyimə görə haqsızlıqlarla qarşılaşmışam. Öz “Mənimi”, nəyə qadir olduğumu sübut etməkçün quruluş verdiyim tamaşalar və yazdığım əsərlərim vasitəsilə həmin “həşaratlarla”, nakəslərlə vuruşmuşam. Bu da sağlamlığıma təsirsiz ötüşməyib. Ona görə də iki dəfə infarkt keçirmişəm. Ölkə başçısı tərəfindən jurnalistlərə ikinci dəfə ev verilən vaxtı mənə düşən dörd otaqlı mənzili həmin nakəslər qanunsuz olaraq, başqalarına verdikləri üçün insult olmaq dərəcəsinə qədər gəlmişəm. Yaxşı ki, həkimlərin böyük səyi nəticəsində insult olmadım. Həmin “ev bölgüsünü” aparan adamlar ölkə başçısı cənab İlham Əliyev tərəfindən özlərinin layiqli cəzalarını aldılar...
Bəziləri həbs olundu və bəziləri də Prezident Administrasiyasında tutduqları vəzifədən azad olundular...
Mərkəzi Ürək Klinikasında professor, dünya şöhrətli məşhur ürək cərrahı, klinikanın rəhbəri Kamran Musayev tərəfindən 2020-ci ilin dekabr ayının 20-də ürəyimin dörd damarı dəyişilib. İndi özümü çox yaxşı, gümrah hiss edirəm. Mən belə fikirləşirəm ki, bütün bunlar da bir tale, alın yazısıdır. Bir şeyə isə sevinirəm ki, bütün bu çətinliklərə, mübarizələrə, dəhşətlərə baxmayaraq sağam və yenə də yüksək həvəslə, böyük coşqu ilə yaradıcılığımı davam etdirirəm. Özümü qorumaq, əsəblərimi sakit etmək üçün uzun illərdir ki, demək olar hər gün bu aforizmlərimi deyirəm:
- Hər şeyi eşitməyi və həm də səbrlə susmağı bacar.
- O kəsdən qorx ki, başqasının arxasında gizlənib, öz marağı üçün çalışır.
- Özünü tanımaq, öz qüvvənə bələd olmaq, ən universal dərmandır. Çalış nəyin bahasına olursa-olsun, buna nail ol.
- Nadanlığa qarşı ən yaxşı mübarizə ağılla, soyuq düşüncə və məntiqlə mübarizə aparmaqdır. Bunu bacaranlar, qalib olur.
... Bu il, lap əvvəlindən mənimçün çox uğurla başlayıb. Belə ki, 2025-ci il yanvar ayının 16-da, hələ 1992-ci ildə tərcümə elədiyim və həmin vaxtı da qurluluş verdiyim Georgi Xuqayevin “Varlı ev” faciəsinə, Xaql artisti Firudin Məhərrəmov Sumqayıt Dövlər Dram Teatrında çox yaxşı quruluş verib. Yuxarıda dediyim kimi bu tamaşanın yanvar ayının 16-da ilk premyerası oldu. Tamaşada oynayan bütün aktyorlar öz obrazlarını çox yaxşı və peşəkar səviyyədə ifa edirlər. Georgi Xuqayevdən tərcümə elədiyim başqa pyesi- “Babutsa, Qaqutsa, Danel, Dradanel” ( “Qocaların məhəbbəti”) musiqili komediyasını isə Əməkdar artist İntiqam Soltan Mingəçevir Dövlət Dram Teatrında tamaşaya hazırlayır. “Teleqram” komediyamı sənətşünaslıq üzrə fəlfəsə doktoru, Əməkdar artist Xəzər Gəncəli Qazax Dövlət Dram Teatrında tamaşaya hazırlayıb. Martın 17-də ictimai baxışı oldu və böyük uğurla qarşılandı. Aprel ayının 13-də ilk premyerası olacaq. Lənkəran Dövlət Dram Teatrı isə “Şah İsmayıl” tarixi faciəmi hazırlamağı planlaşdırır. Bu tamaşanı isə cavan və çox istadadlı rejissor İmran Ali Qurban səhnədə reallaşdıracaq. Çox maraqlı yazıçı, dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” romanı əsasında onunla eyni adlı pyes yazmışıq. Çox mükəmməl və orijinal bir pyesdir. Bu tamaşanı da Lənkəran Dövlət Dram Teatrında artıq altı aydır ki, həmin teatrın direktoru işləyən, çox istadadlı rejissor, Dağıstan Respublikasının Əməkdar artisti və Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Laləzar xanım Hüseynova hazırlayacaq. Həmin tamaşaya musiqiləri isə sevimli bəstəkarımız, çox hörmətli və təşkilatçı insan, Xalq artisti Siyavuş Kərimi yazacaq. İnanıram ki, sensassiyalı bir tamaşa olacaq. Uzun illər üzərində çalışdığımız, maraqlı şair, nasir, ictimai xadim, rəhmətlik Qənbər Şəmşiroğlu ilə bir vaxtlar başladığımız və Qarabağ müharibəsinə həsr olunan “Ağdaban harayı” pyesimizi də tamamlamaq üzrəyəm. Tanınmış jurnalist, yazıçı Asif Mərzili ilə onun yazdığı “Sonuncu əmr” romanını da səhnələşdiririk. Bu pyes də Qarabağ müharibəsinə həsr olunan çox orijinal səhnə əsəri olacaq. Özüm quruluş vermək üçün dahi Cəlil Məmmədquluzadənin iki yarımçıq pyesləri üzərində də işləyirəm. Bunlar- “Danabaş kəndinin müəllimi” və “Ər” (Ər axtaranlar”) targikomediyalarıdır.
Çox istadadlı dramaturq, 50-dən çox pyesin müəllifi, Əməkdar mədəniyyət işçisi Rafiq Rəhimli Qarabağ müharibəsinə həsr olunan “Şərq qadını” adlı bir monopyes yazıb. Pyes çox xoşuma gəlib və istəyirəm ki, həmin tamaşanı istedadlı aktrisa Xalidə xanım Şərifova ilə hazırlayım. İnanıram ki, bu tamaşa maraqla qarşılanacaq və Qarabağ müharibəsinə bizim tərəfimizdən layiqli bir töhfə olacaq.
Biz, bir vaxtlar xalqımızın məşhur bəstəkarı, Əməkdar incəsənət xadimi, dostum Cavanşir Quliyevlə bir neçə tamaşa işləmişdik və hamısı da maraqla qarşılanmışdı. Yəni mənim quruluş verdiyim bir neçə tamaşaya dostum Cavanşir Quliyev çox orijinal üslubda musiqilər yazmışdı. Cavanşir bu sahədə böyük sənətkardır. Çünki o, teatrı və kino sənətini çox yaxşı bilir və ora hansı musiqilər lazımdırsa yazmağı yaxşı bacarır. İndi yenidən həmin işləri davam etdirmək istəyirik.
Dörd yarımçıq povestim və ondan çox hekayələrin var ki, sağlıq olsa onları da tamamlamaq istəyirəm... Ən əsası isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ədalət Vəliyevlə bir vaxtlar yazmağa başladığımız “Dramaturgiya, teatr və kino pedaqoqikası” kitabımızı tamamlamaq istəyirik. İnanıram ki, bu kitab çox yaxşı qarşılanacaq və hətta ali məktəblərdə, orta məktəblərdə tədris olunacaq. Bu kitabla biz, tamaşaçılara dramaturgiyanı, teatrı, kinonu daha çox sevdirə biləcəyik. Çünki Ədalət müəllim bu sahələri çox mükəmməl bilir və onun bu sahələrdə çox orijinal fikirləri var. İndi həmin fikirləri yazıya köçürtmək lazımdır.
Ən əsası isə sağlamlıqdır. Mən bütövlükdə millətimizə sağlamlıq arzu edirəm. Çünki həyatda sağlamlıqdan böyük, əziz nemət yoxdur. Məşhur alman yazarı, filosofu və irrasionalizmin əsas simalarından biri Artur Şopenhauer deyib ki, “Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heçdir”. Bəli. Bu, bir həqiqətdir.
... Beləliklə, ağlı, qaralı, tufanlı, burulğanlı və bəzən də aydın səmalı, günəşli, qaynar ömrüm davam eləyir və hər gün də bu sözləri deyirəm: “Yaşasın ədəbiyyat, jurnalistika, teatr. Əgər bu sahələrlə məşğul olmasaydım görəsən mənim taleyin necə ola bilərdi? Mən, görəsən hansı sahədə özümü layiqincə tapa bilərdim?”.. Bilmirəm. Bu suallara isə cavab tapmaqda çox çətinlik çəkirəm. Amma bir şeyə sevinirəm ki, 75 illik bir ömür yaşamışam. Çoxlu dostlarım olub ki, bu yaşa qədər gəlib çaya bilməyiblər. Deməli, mən Ulu Tanrıma buna görə minnəttar olmalıyam. Çünki O, məni qoruyub və bu yaşa kimi gətirib çatdırıb.
FƏRHAD DOST
Türkiyədəki Süleyman Dəmirəl Universitetinin
jurnalistika fakültəsinin məzunu
P.S. Sonda isə fikrimi elə Ağalar İdrisoğlunun ədəbiyyatla, jurnalistika və incəsənətlə bağlı bu məşhur aforizmilə bitirmək istəyirəm: “Ədəbiyyat, jurnalistika, teatr- müqəddəs məbəddir məhz ona görə ki, orada cani-dillə xidmət edənlər- yazıçılar, jurnalistlər, rejissorlar, aktyorlar insanların yaxşı və pis cəhətlərini onlara deməklə, göstərməklə Ulu Tanrının insanlara demək istədiklərini əyani formada onlara deyir və başa salırlar. Məhz buna görə də onlar, yəni bu müqəddəs sahələrdə çalışanlar Böyük Yaradanın Yer kürəsində müqəddəs kahinləri, elçiləridir”.
Çox maraqlı deyimdir. Elə deyilmi?
Bütün xəbərlər Facebook səhifəmizdə