Aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Burkina Fasonun xarici işlər naziri Jan Mari Traore ilə görüşüb.
SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq imkanları, çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlıq məsələləri müzakirə olunub. Ölkəmizin xarici siyasətində Afrika qitəsinə verilən önəm qeyd edilib, Qoşulmama Hərəkatına sədrliyimizin Afrika ölkələri ilə təmaslarımıza mühüm təkan verdiyi bildirilib. Bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində Afrika ölkələri, o cümlədən Burkina Faso ilə əməkdaşlığı davam etdirmək niyyətimiz ifadə olunub.
Müqabil tərəfə, həmçinin ölkəmiz tərəfindən xarici ölkələrdən tələbələr üçün yaradılan təqaüd proqramları barədə məlumat verilib, xüsusilə Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələr üçün xüsusi proqramların mövcudluğu qeyd edilib.
Qarşı tərəf,Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrliyi münasibətilə təbrik edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə