Böyük Qayıdışın uğurla davam etdiyinə şübhə ola bilməz – TƏHLİL

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun şücaəti, qəhrəmanlığı və xalqımızın birliyi, məhz dövlət-xalq-ordu birliyi ilə Qarabağın işğaldan azad edilməsindən sonra torpaqlarımızın necə çiçəklənməsini, işğalçılar tərəfindən viran qoyulan, ermənilər tərəfindən darmadağın edilən ərazilərimizin necə abadlaşdırılmasını təkcə biz yox, bütün dünya ictimaiyyəti müşahidə edir. İşğaldan azad edilən ərazilərimizin günü-gündən gözəlləşdiyini, bizə məxsus olan şəhər və kəndlərimizin hansı şəkildə, hansı sürətlə qurulduğunu hər kəs görür. Görünən odur ki, xalqımıza məxsus olan torpaqlara yeni bir həyat vermək üçün bütün qüvvələr səfərbər edilib və erməni vandalları tərəfindən dağıdılan şəhərlərimizin, saxtalaşdırmaqda və məhz etməkdə olduqları tarixi irsimizin bərpası uğurla davam edir. Bu isə onu deməyə əsas verir ki, Böyük Qayıdışın uğurla davam etdiyinə şübhə ola bilməz.

Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri olan Böyük Qayıdışla bağlı xalqımızın böyük ümidləri var və bu heç də təsadüfi deyil. Çünki ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə məhz “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, eləcə də ardıcıl olaraq həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr hədəflərə çatacağımıza olan əminliyimiz üçün əsas şərtdir. Hədəflərimizə çatacağımıza olan əminliyimiz ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, əhalinin ardıcıl olaraq köçürülməsi, dayanıqlı məskunlaşması və davamlı olaraq iqtisadi inkişafın təmin olunması ilə bağlıdır. Çünki gözümüz önündə quruculuq işləri sürətli şəkildə aparılır, ötən əsrin sonlarında ərazilərimizə işğalçılıq niyyəti ilə soxulan ermənilərin vəhşiliklərindən yaxa qurtararaq onillər ərzində köçkünlük həyatı yaşayan vətəndaşlarımızın öz yurd-yuvalarına qayıdışı ardıcıl, fasiləsiz olaraq reallaşdırılır. Deməli, Böyük Qayıdışın uğurla davam etdiyinə zərrə qədər də şübhə yeri qala bilməz və ortada olan reallıqlar inamımızı daha da artırır.

Böyük Qayıdışın uğurla davam etməsi, ölkəmizin inamlı addımlar atması, reallaşdırılan və reallaşdırılmaqda olan geniş layihələr, dövlətimiz tərəfindən görülən işlər işğaldan azad olunan ərazilərimizə beynəlxalq miqyasda da marağı günü-gündən artırır. Məhz quruculuq, abadlıq işlərinin intensiv, sürətli şəkildə görülməsi, əhalinin yaşayışı və məşkunlaşması üçün kifayət qədər əlverişli şəraitin yaradılması, yüksək səviyyədə yaşayış mühitinin yaradılması vətəndaşlarımızın öz yurd-yuvalarına davamlı şəkildə qayıdışı xarici investisiyaların prioritetlərinin dəqiq müəyyənləşdirilməsində də əhəmiyyətli rol oynayır. Sözsüz ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud olan enerji mənbələri, qiymətli yeraltı və yerüstü təbii sərvətlər, xammal yataqları, çox sayda cəzbedici investisiya üstünlükləri investisiya axınına zəmin deməkdir. Etiraf etmək də lazımdır ki, xarici investorların işğaldan azad edilən ərazilərimizə olan marağı günü-gündən artır və bu məqam özü də deyilənləri, məhz Böyük Qayıdışın uğurla davam etdiyinə şübhə olmadığını təsdiqləyir.

İnfrastrukturun yaradılması məhz Böyük Qayıdış üçün ön plana çəkilibsə, deməli, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı artıq bəllidir. Yəni, potensialı kifayət qədər böyükdür. Bəllidir ki, infrastrukturu olan ərazilər üçün məhz iqtisadi baxımdan gələcək gözləntilər, eləcə də proqnozlar yalnız nikbindir. Xüsusən də, əgər qarşıya qoyulan hədəflərin reallaşdırılması məsələsində məhz mütərəqqi beynəlxalq təcrübəyə istinad olunubdursa, deməli, dünya iqtisadiyyatının müasir çağırışları artıq nəzərə alınıbdır. Bir sözlə, işlər planlı, məqsədyönlü, düşünülmüş şəkildə görülür və bu da öz növbəsində, hansısa tərəddüdə, xüsusən də Böyük Qayıdışın uğurla davam etdiyinə şübhənin yaranmasına belə yer qoymur.

İşğaldan azad etdiyimiz ərazilərdə infrastrukturun bərpası və yenidən qurulması, xüsusən də, yeni yolların çəkilməsi, bölgədə müasir rabitənin qurulması, ətraf mühitin qorunması, ekoloji cəhətdən təmiz enerji mənbələrinin yaradılması prosesi artıq çox şeydən xəbər verir. Təxminən 30 il ərzində ermənilər tərəfindən məhz məqsədli şəkildə tarmar edilən yerlərdə, dağıdılan şəhərlərimizdə, kəndlərimizdə hazırda ardıcıl və sürətli şəkildə tikinti işlərinin aparılması layiqli həyat şəraitinin yaradılması deməkdir. Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabı­na işğaldan azad olunan ərazilər­də avtomobil yollarının salınması, yükdaşımaların daha sürətli, daha səmərəli həyata keçirilməsi və bunun üçün də ilk növbədə, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının artıq istifadəyə verilməsi heç də sıradan bir hadisə sayılmır. Təsadüfi deyil ki, adları qeyd olunan bu hava limanları “Qarabağın hava qapısı” adlandırılır. İndi məhz Laçın şəhərində də Beynəlxalq Hava Limanının tikilməkdə olması, qeyd olunanların fonunda tamamilə məntiqi və məqsədəuyğun sayılır.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə də xüsusi əhəmiyyət verilir. Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edilməsi, bu ərazilərin bərpası və inkişafında məhz strateji hədəflərdən sayılır. Artıq alternativ enerji mənbələrinin istifadəsi üçün dünyanın önəmli enerji şirkətləri ilə müqavilələr də imzalanır. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun aparılan, “Yaşıl” texnologiyaların və "ağıllı'' sistemlərin tətbiqi vasitəsi ilə həm külək, həm günəş enerjisindən istifadə edilərək, hərbi obyektlərin, yeni yaradılan sosial-iqtisadi infrastrukturun fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı təşkil edilir. İşğaldan azad edilmiş ərazilərdə qaz, istilik təchizatı ilə təminat, eləcə də digər istiqamətdə təminat sürətli məskunlaşmaya şərait yaradan məqamlardır və bu baxımdan da, Böyük Qayıdışın uğurla davam etdiyinə şübhə ilə yanaşmaq qətiyyən mümkün deyil. Əksinə, heç bir şübhə qalmır və böyük ümidlər bəslənilməsinə əsas verir. Ümidlərimizin tamamilə məntiqi olduğunu da təsdiq edən isə 30 ilə yaxın müddətdə doğma yurd-yuvasından ayrı düşən vətəndaşlarımızın tez bir zamanda işğaldan azad olunan ərazilərə qayıtmaq istəkləri, dövlətimizin buna şərait və zəmin yaratması, bunun sayəsində də vətəndaşlarımızın öz yurd-yuvalarına dönüşü, göz önündə olan reallıqlardır...

Müəllif: İnam Hacıyev

6.3.7. “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə