“Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki güclü mövqeyini və artan təsirini ortaya qoyur”
Bakı dünya iqtisadiyyatı üçün önəm daşıyan daha bir beynəlxalq toplantıya uğurla ev sahibliyi etdi. Son illər dünya iqtisadiyyatı üçün həlledici məsələlərin müzakirə məkanına çevrilən Azərbaycan paytaxtı, bu dəfə enerji təhlükəsizliyi barədə müzakirə mərkəzi olaraq seçilmişdi. Avropanın enerji təhlükəsizliyində hər keçən il xüsusi rola sahib olan Azərbaycan dövlətinin nüfuz və etibar sahibi olduğu növbəti dəfə nümayiş olundu.
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının yekunları barədə danışarkən bir sıra mühüm məqam ortaya çıxır. İlk ondan başlayaq ki, budəfəki toplantı hər şeydən öncə Azərbaycan qazına olan böyük tələbatı və əksər hegemon Avropa dövlətlərinin öz enerji təhlükəsizlikləri üçün Azərbaycana olan ciddi marağını ortaya qoydu. Bu toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin qatılması artıq rəsmi Bakının qoca qitənin enerji təhlükəsizliyi üçün açar ölkə statusunu da qaçılmaz reallığa çevirir.
Bir məsələni də xüsusi olaraq vurğulayaq ki, “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nda da Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəlik götürülür. Eyni zamanda, tərəflər Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin genişləndirilməsinin maliyyələşdirilməsini təşviq etməyə səy göstərir. Azərbaycan bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında iştirak edir.
Uğurlu enerji siyasəti reallaşdıran ölkəmiz Avropanın enerji bazarında mühüm faktor kimi statusunu qoruyub saxlayır. Bu vaxta qədər əldə olunan uğurlu təcrübə, yaşıl enerji potensialının düzgün istiqamətləndirilməsi ölkəmizin cəlbediciliyini daha da artırır.
Beləliklə, Avropa qitəsində potensial əməkdaşlıq imkanları da genişlənir. Nəzərə almalıyıq ki, Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Xüsusilə Ermənistan işğalından azad edilmiş ərazilərin potensial yaşıl enerji sahəsində də uğurlu əməkdaşlığın davam etdirilməsini şərtləndirir. Yaşıl enerji interkonnektor layihələri Avropanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, dayanıqlı enerjiyə keçidi də sürətləndirəcək. Məşvərət Şurasının toplantılarında aparılan müzakirələrdə enerji təhlükəsizliyini möhkəmləndirmək, Cənub-Şərqi Avropada daha təmiz enerjiyə keçidi dəstəkləmək üçün birgə səylər nəzərdən keçirildi.
Digər bir məqam barədə danışaq. Boru kəmərinin keçdiyi ölkələrin qaz ehtiyaclarının ödənməsi baxımından bu layihə böyük əhəmiyyətə malikdir. Çünki İtaliya, Slovakiya və digər region ölkələrinin qaz tələbatının orta hesabla təqribən 20%-ə qədəri bu kəmər vasitəsilə ödənilə bilər ki, bu da böyük bir addımdır. Bu istiqamətdə TAP və TANAP layihələri də mövcuddur. Hər iki layihə həm Avropaya, həm də qardaş Türkiyəyə qaz nəqlinin həyata keçirilməsi baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Bu layihələr, "Şahdəniz" yatağında qaz ehtiyatlarının kəşfindən sonra həyata keçirilməyə başlanılıb. Bu təşəbbüslər Azərbaycanın təkcə regionda deyil, dünya miqyasında da mövqeyinin möhkəmlənməsinə səbəb olub və strateji əhəmiyyət kəsb edir. Azərbaycan əhali baxımından kiçik olsa da, bu cür irimiqyaslı layihələrlə dünya siyasətində və iqtisadiyyatında vacib rol oynadığını artıq sübut edib. Hazırda qaza olan ehtiyac, dünyada nüfuz mübarizəsində böyük əhəmiyyət daşıyır. Dövlətlər arasında qarşılıqlı tətbiq olunan sanksiyalarda da qaz və energetika amili mühüm rol oynayır. Bu, qaçılmaz reallıqdır ki, Azərbaycan bu məsələdə həm Avropanın, həm də Türkiyənin qazla təmin olunmasında əsas oyunçulardan biridir. Bu isə geosiyasi baxımdan ölkəmizin digər dövlətlərlə münasibətlərində mühüm rol oynayır və həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirir.
Mənim diqqətimdən qaçmayan daha bir vacib detal barədə danışım. Artıq Avropa İttifaqı Azərbaycan qazına olan marağını növbəti dəfə ifadə edib. Belə ki, Aİ-nin enerji və mənzil təsərrüfatı məsələləri üzrə komissarı Dan Yorgensen Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa İttifaqı (Aİ) Azərbaycandan qaz idxalını genişləndirməkdə maraqlıdır. SİTAT: “Biz Azərbaycana son illərdə idxal edə bildiyimiz qaza görə təşəkkür etməklə yanaşı, bu əməkdaşlığı davam etdirəcəyimizə də ümid edirik. Azərbaycan qazı həqiqətən də Rusiya qazından asılılığımızı azaltmaqda son dərəcə vacib idi. Üstəlik, biz onun genişləndirilməsində çox maraqlıyıq, çünki bu gün qazımızın 13 %-i hələ də Rusiyadan gəlir və məqsədimiz onun idxalını tamamilə dayandırmaqdır”, - o deyib. Yorgensenin sözlərindən belə nəticə hasil olur ki, “yaşıl keçid”in fəal təşviqinə və bərpa olunan enerji mənbələrinin inkişafına baxmayaraq, qaz hələ bir müddət də Aİ-nin enerji balansının bir hissəsi olaraq qalacaq. Bu faktın özü yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin Avropanın enerji təhlükəsizliyindəki güclü mövqeyini və artan təsirini açıq şəkildə ortaya qoyur. Beləliklə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün açar ölkə olduğu bir daha əyani şəkildə təsdiqləndi. Bu isə həm də o deməkdir ki, geosiyasət faktorunda rəsmi Bakı mühüm mövqe sahibidir. Qoca qitənin enerji təhlükəsizliyi üçün Bakıya sarılması da Azərbaycanın dünya siyasəti üçün önəmli aktoruna çevrilməsi üçün mühüm faktdır.
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə