“Nik Nivalisanın kitabı Azərbaycanın tanıtımına xidmət edir” - Umud Mirzəyev

“Diapress nəşriyyatının çap etdiyi "Mənim Qarabağa səfərim" kitabının təqdimatına toplaşmışıq. Kitabın müəllifi Nik Nivalisadır. Nik Nivalisa Nigeriya vətəndaşıdır və Azərbaycana ilk dəfə Xəzər Universitetində təhsil almağa gəldiyi illərdə tanış olmuşuq. Daha sonra o, təşkilatımızda könüllü kimi fəaliyyət göstərməyə başladı". SİA xəbər verir ki, bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev səsləndirib.

O bildirib ki, Nik Nivalisa ilə uzun illər ərzində Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Qarabağa keçirilən səfərlərdə birgə iştirak ediblər: “Əslində, bu kitab Azərbaycanın tanıtım kitabıdır — Azərbaycan haqqında bir miqrantın, bir mühacirin baxış bucağından yazılmış əsərdir. Kitabda Azərbaycanın qarşılaşdığı problemlər, xüsusilə Qarabağ mövzusu əksini tapıb və "Qarabağ Azərbaycandır!" qələbəsi ilə tamamlanır.”

Umud Mirzəyev qeyd edib ki, kitab həm Azərbaycanın uzun illər apardığı mübarizədən, həm də bu mübarizənin sonunda qazandığı böyük Qələbədən bəhs edir: “Bir miqrantın gözü ilə yazılmış bu kitab olduqca maraqlı və dəyərlidir. Dünən Diapress nümayəndələri ilə söhbətimdə bildirdilər ki, bu kitab son bir ayda ingilis dilində, ümumiyyətlə, xarici dillərdə ən çox satılan kitab olub. "Mənim Qarabağa səfərim" böyük maraq doğurub".

BAMF prezidenti əlavə edib ki, belə nəşrlərin sayı artırılmalıdır: “Azərbaycan xalqının son 30 ildə yaşadığı problemləri, çəkdiyi acıları və qazandığı Qələbəni dünyaya tanıtmaq baxımından bu tip əsərlər çox önəmlidir. Biz bu istiqamətdə daha çox iş görməli, bu cür insanlara dəstək olmalıyıq".

Umud Mirzəyev vurğulayıb ki, kitabın ərsəyə gəlməsində BAMF-ın rolu da xüsusi qeyd edilməlidir: “Mənim üçün çox xoşdur ki, Nik Nivalisanın ömrünün ən enerjili illəri Beynəlxalq Avrasiya Mətbuat Fondunda keçib. Düşünürəm ki, kitabın ərsəyə gəlməsində bizim də müəyyən payımız, töhfəmiz olub".

Bütün xəbərlər Facebook səhifəmizdə