“Xarici müəlliflərin əsərləri Azərbaycanın tanınmasına böyük töhfə verir” - Fazil Mustafa

“Populyarlaşdırmaq qısa müddətdə çətin olsa da, bir səyahət əsəri oxucuda daha çox maraq oyadır və faktoloji zənginliyi geniş auditoriyaya çatdırır. Ona görə də bir müəllifin əsərinin ingilis dilində yazılması Azərbaycanın tanınmasına və Azərbaycanı anlamağa böyük töhfə verir. Xarici müəlliflər Azərbaycanı öz baxış bucaqlarından tanıtdıqda, həmin mühitin insanları bunu daha rahat anlaya və həzm edə biləcək". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Mənim Qarabağa səfərim” kitabının təqdimat mərasimində səsləndirib.

Deputat bildirib ki, əsərlərin xarici dillərdə çap olunması həm də tarixi məlumatların daha geniş auditoriyaya çatdırılması baxımından vacibdir: “Bəzi müəlliflər və düşüncə adamları hadisələrə daha tənqidi yanaşır və bu da faydalıdır. Xalq yalnız tarixi tənqidi vasitə kimi istifadə edərək kökləri keçmişdə görür. Biz də Nikin əsərində özümüzün görmədiyimiz boşluqları daha rahat görə bilərik. Başqasının bizi tanıdığını görmək bu baxımdan çox önəmlidir".

Fazil Mustafa qeyd edib ki, kitabların xarici ölkələrdə kitabxanalarda yerləşdirilməsi və elmi istinadlar üçün əlçatan olması mühüm şərtdir: “Kitabları yalnız şəxsi vitrinlərdə saxlamaq yetərli deyil — bunu dövlət siyasətinə çevirməliyik. Yazıçının, tədqiqatçının məsuliyyəti olmalıdır ki, əsər tərcümə olunsun və xarici kitabxanalara çatdırılsın. Bu iş böyük və vacib missiyadır".

Deputat əlavə edib ki, belə təşəbbüslər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əvəzsiz əhəmiyyət kəsb edir: “Əsərlərin ingilis dilinə və digər dillərə tərcüməsi, elmi istinadlar üçün əlçatan olması, tədqiqatçılar və mütəxəssislər üçün materialların istifadəsini asanlaşdırır".

Bütün xəbərlər Facebook səhifəmizdə