"Hər iki əraziyə əhalinin mərhələli köçü vacib məsələdir" - POLİTOLOQ

"Torpaqlarımızın azad olunmasından sonra regionda ciddi bir “Böyük Qayıdış” və bərpa prosesi davam edir. Xüsusilə bərpa prosesinin tamamlandığı və ya qismən tamamlandığı ərazilərə ilkin köçlər artıq həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, Qarabağ regionu iki hissədən ibarətdir: Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları: "Hər iki zonaya əhalinin mərhələli köçü vacib məsələdir. Torpaqlar işğaldan azad olunsa da, 30 illik işğalın fəsadlarını aradan qaldırmaq asan deyil. Bu illər ərzində çox işlər görülüb, xüsusilə təhlükəsizlik tədbirləri həyata keçirilib. Ərazilərin minalardan təmizlənməsi, partlamamış silah-sursatın zərərsizləşdirilməsi kimi məsələlər ön plandadır. Ləngimənin əsas səbəbi isə Ermənistan tərəfinin mina xəritələrini tam təqdim etməməsidir. Bu da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Əhalinin köçürülməsi də dəqiqlik tələb edir. Çünki oranın sakinləri və onların varisləri müəyyən olunmalı, yalnız sonra köç prosesi baş verməlidir. Təkcə infrastrukturun qurulması kifayət deyil. Orada iş yerləri də yaradılmalıdır ki, insanlar köçüb orada yaşamağa maraqlı olsun. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin iqtisadi, turizm və logistika baxımından böyük potensialı var. Gələcəkdə bu regionlara yatırımlar və investisiyalar cəlb olunacaq. Xüsusilə, turizm, daşınmaz əmlak və tikinti sahəsində iş imkanlarının artırılması nəzərdə tutulur.

Güclü iqtisadiyyat ölkənin dayanıqlığını təmin edir. Prezidentin xarici ölkələrə səfərləri, iş adamları ilə görüşləri də bu məqsədə xidmət edir: ölkəmizə, xüsusilə Qarabağ bölgəsinə investisiya cəlb etmək. Bu bölgəyə köç edən vətəndaşların burada işləməyə maraqlı olmaları üçün təbliğat və təşviqat kampaniyaları aparılır. Sosial, iqtisadi və siyasi dayanıqlığın təmin olunması zəncirvari prosesdir. Bu prosesin hər bir halqası digərini dəstəkləyir və ümumilikdə ölkənin rifahına xidmət edir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə