“Azərbaycan toy mədəniyyəti xalqımızın ən gözəl adətlərindən biridir. Lakin təəssüf ki, bu gün toylarımızda israfçılıq artıq normadan kənara çıxıb. Sonsuz menyular, həddindən artıq dəbdəbə və ölçüsüz xərclər nə dini, nə mənəvi, nə də iqtisadi baxımdan izah oluna bilər. Toylarımız şirin məclis olmaqdan çıxaraq bir növ yarış və nümayiş formasını alıb”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, bir sıra ölkələrdə, o cümlədən Türkiyə və Avropa dövlətlərində bu sahədə artıq ciddi tənzimləmələr mövcuddur: “Bir çox ölkələrdə toy mərasimlərində israfçılığın qarşısını almaq üçün konkret addımlar atılır. Bizdə isə insanlar bəzən bilmədən, bəzən də məcbur qalıb bu yarışın içində qalırlar. Halbuki israfçılıq təkcə maliyyə məsələsi deyil, eyni zamanda sosial məsuliyyət məsələsidir".
Razi Nurullayev toy mərasimlərində musiqi səsinin həddindən artıq yüksək olmasını da ciddi problem kimi dəyərləndirib: “Şadlıq evlərinin əksəriyyəti akustik baxımdan uyğunlaşdırılmayıb. Musiqinin səsi ifrat dərəcədə yüksək olur. Bu, xüsusilə uşaqlara, yaşlılara və həssas insanlara mənfi təsir göstərir, qulaq səhhətini və psixoloji durumu zədələyir. Toy sevinci insanın qulağını dağıtmamalı, əksinə, ruhunu oxşamalıdır”.
Deputat qeyd edib ki, beynəlxalq təcrübədə bu məsələ ciddi normativlərlə tənzimlənir: “Türkiyədə, Avropa ölkələrində, Yaponiyada musiqi səsinin gücü adətən 80–90 desibel həddini keçmir. Bu insan qulağı üçün təhlükəsiz sayılır. Bizdə isə bəzi şadlıq saraylarında səs 110–115 desibelə qədər yüksəlir ki, bu da sağlamlıq üçün açıq təhlükədir”.
Razi Nurullayev təklif edib ki, şadlıq evləri üçün konkret akustik standartlar tətbiq olunsun: “Mən hesab edirəm ki, bu sahədə normativ sənədlər hazırlanmalı, musiqi səsinin 100 desibeldən yuxarı qalxması qadağan edilməlidir. Bu həm insanların sağlamlığı, həm də cəmiyyətin ümumi rifahı üçün vacibdir. Mədəniyyətimiz gözəldir, lakin onu daha sağlam, daha müasir və daha mədəni şəkildə qorumaq bizim borcumuzdur”.
Deputat çıxışının sonunda vurğulayıb ki, bu sahədə islahatlar dərinləşdirilməli, şadlıq evləri müasir tələblərə uyğunlaşdırılmalıdır: “Əgər bu addımları atmasaq, səs-küy və israfçılıq kimi hallar daha da artacaq. Halbuki toylarımız milli dəyərlərimizi əks etdirən, insanları sevindirən məclislər olaraq qalmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB