Qazaxıstan teatrı Bakıya qastrol səfəri edəcək

Kurmanbek Jandarbekov adına Jetısay Dram Teatrı bakılı tamaşaçılara “Mənim dostum” tamaşasını təqdim edəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu, teatrın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ölkəmizin Qazaxıstandakı səfirliyi, Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi və Türküstan Vilayəti Mədəniyyət İdarəsinin dəstəyi ilə keçiriləcək ilk qastrol səfəridir.

Qazaxıstandan gələn qonaqlar insan qəlbinin incə tellərinə toxunan və tamaşaçılara unudulmaz emosiyalar bəxş edən "Mənim dostum" tamaşasını təqdim edəcəklər.

Tamaşanın ideya müəllifi Nurjan Tutov, səhnə versiyası və quruluşçu rejissor Abzal Maksim, quruluşçu rəssamı isə Qazaxıstan Respublikasının Əməkdar mədəniyyət xadimi Baxıt Srailovdur. Layihənin rəhbəri isə “Dara” döş nişanı laureatı Oral Kamaldır.

“Mənim dostum" geniş auditoriya ünvanlanıb, müasir teatr formaları və beynəlxalq mədəni layihələri izləyən tamaşaçılar üçün maraqlı olacaq.

Dekabrın 15-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq tamaşa saat 19:00-da başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə