“Qərbi Azərbaycanlıların hüquqları beynəlxalq səviyyədə tanınmalıdır” - Məlahət İbrahimqızı

“Dekabr ayı bir tərəfdən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Qələbə və Dünya Azərbaycanlılarının Həmrəyliyi ilə yadda qalırsa, digər tərəfdən Qərbi Azərbaycanlıların öz doğma yurdlarından deportasiya olunmasının acı xatirələri ilə xatırlanır. Qərbi Azərbaycanlılar sadəcə qaçqın deyil, deportasiya, etnik təmizləmə və soyqırımın qurbanlarıdır”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, Qərbi Azərbaycanlıların dörd dəfə deportasiyaya məruz qalmasına ilk hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyevin 1997-ci il 17 dekabr tarixli fərmanı ilə verilib və 28 dekabr bu faciənin simvolik tarixi kimi yadda qalıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Ruanda və Bosniya kimi hadisələrə hüquqi qiymət verdiyi halda, Qərbi Azərbaycanlılara qarşı törədilmiş cinayətlərə münasibətdə susqunluq nümayiş etdirir.

Məlahət İbrahimqızı vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Qərbi Azərbaycana Qayıdış Konsepsiyası artıq ümummilli ideologiyaya çevrilib və bu proses təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Deputat qeyd edib ki, Milli Məclisdə yaradılan müvafiq komissiya çərçivəsində dinləmələr keçirilir və qanunvericilik bazasının, xüsusilə də deportasiya qurbanlarının hüquqları baxımından yenidən nəzərdən keçirilməsinə ehtiyac var.

O, parlamentdə bu istiqamətdə aparılan müzakirələrin gələcəkdə həm daxili hüquqi tənzimləmə, həm də beynəlxalq təşkilatlara Qərbi Azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı güclü mesajların verilməsinə imkan yaradacağına əminliyini ifadə edib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə