Azərbaycan qədim və zəngin tarixə malik abidələr məskənidir. Qədim şəhərlərin qalıqlarında, şahların saraylarında, naxışlı türbələrdə, xalqımızın yadelli işğalçılara qarşı dirəniş məntəqələri olan möhtəşəm qalalarda qədim və əzəmətli tarix yaşayır. Həmin аbidələr хаlqımızın tarixi kеçmişini özündə əks еtdirir. Qədim tikililərdə ötüb keçən yüzilliklərin memarlığı, sənətkarlığı və incəsənəti həkk olunub. Azərbaycanın orta əsr dövründən bizə qalmış maraqlı abidələrdən biri də XII-XIII əsrlərdə möhkəm qəsr, qala, liman olaraq inşa edilən, Bakının dənizdən qorunmasında müstəsna yer tutan Bayıl qəsridir. Bakı buxtasının suyu altında bir neçə əsr qalan qəsr zaman-zaman Xəzər dənizinin suyunun qalxıb enməsi ilə gah dənizin üzünə çıxıb, gah da sulara qərq olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işçisi tarix üzrə fəlsəfə doktoru Günel Mehdizadənin "Bakı Atlantidası – Bayıl qəsri" məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Şirvanşahların Şamaxıda iqamətgahı olan Gülüstan qalasını Bakıda Bayıl qalası əvəz edib

Tarixi abidə tarixçiləri, səyyahları həmişə özünə cəlb edib. XIX əsrdə burada olmuş rus alimləri və şərqşünasları - İ.Berezin, S.Qmelin, B.Dorn, V.Bartold və başqaları Bayıl qalasının hansı məqsədlə tikilməsi və tarixi haqqında müxtəlif məlumatlar veriblər. Tədqiqatçılar bu tikintini "Bayıl qəsri", "Səbayıl qalası", "Sualtı şəhər", "Karvansara", "Kömürxana", "Bənd", "Müdafiə istehkamı", "Nouşəhr", "Qala" və s. adlandırıblar.

Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl nümunələrindən sayılan bu abidə Bakının Bayıl burnu yaxınlığında yerləşir. Tarixçi alim Sara Aşurbəyli yazır ki, qalanın Bakı buxtası quru olan vaxtda XII əsrdə inşa edilməsi ehtimal olunur. Əksər müəlliflər isə qalanın Karvansara adlı adada yerləşdiyini yazırlar. 1191-ci ildə Şamaxıda baş verən zəlzələ nəticəsində Şirvanşah Axsitanın ailəsi və övladları həlak olur və Şamaxı şəhəri dağılır. Şirvanşah ölkənin paytaxtını Şamaxıdan Bakıya köçürür. Paytaxtın Bakıya köçürülməsini monqolların birinci hücumu zamanı Şamaxı şəhərinin 1221-ci ildə dağıdılması faktı da zəruri etmişdi. Şamaxıda iqamətgah olan Gülüstan qalasını Bakıda Bayıl qalası əvəz edir. Bayıl qəsri Şirvanşahların yeni paytaxt şəhəri yanında iqamətgaha çevrilir. Qəsrin uzunluğunun 180, eni isə 40 metr təşkil edirdi. Qəsrin perimetri boyu təxminən 400 metr uzunluğunda olan divarların bayır tərəfdən yuxarı hissəsini qurşaq formasında insan, heyvan və bitki təsvirləri həkk olunmuş, frizlənmiş daş plitələrdən ibarət kitabə zolağı bəzəyirdi. Qəsrin divarlarında yarımdairəvi qüllələr mövcud idi. Ümumi 15 qüllə var idi. Bunlardan yalnız şimal-qərbdəki və cənubdakı iki qüllə dairəvi formada olub içərisi boşdur. İçərisi bütöv qalan 12 qüllənin hamısı yarımdairə şəklindədir. Qəsrə iki tərəfdən daxil olmaq olardı: cənub və şimal-qərb istiqamətlərdən. Həmin istiqamətlərdə olan üç dairəvi qüllədən qəsrə girmək üçün 1,3 metr enində ensiz qapılar mövcud olub. Ensiz qurulmuş qapılar onu göstərir ki, qəsrə ancaq piyada şəkildə daxil olmaq mümkün idi. Qüllələrin bəzilərində yuxarıya çıxmaq üçün daş pilləkənlər olub. Həmin qüllələr ətrafı, əsasən də açıq dənizi müşahidə etmək, dənizdən gələn təhlükələri vaxtında aşkarlamaq üçün istifadə edilirdi. Düşmən hücumu və ya hər hansı təhlükə aşkar edildiyi zaman ətraf qalalara xəbər çatdırılırdı.

Tədqiqatçılar Bayıl qəsrinin daş kitabələrində 15 Şirvanşahın adını oxuyublar

Qəsrin yerləşdiyi ərazidə 1938-1940-cı, 1946-cı və 1962-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix İnstitutunun keçirdiyi arxeoloji tədqiqatlar nəticəsində divar uçqunları altından və su dibindən 700-dən çox yazılı daş tavalar çıxarılıb. 1939-cu ildə tapılan mis pullar üzərində Şirvanşah Güştasp Fərruxzadə və Xəlif əl-Nəsirin (1180-1225) adları həkk olunub. 1965-ci ildə “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruğu muzeyində yazılı daşların səliqəyə salınıb oxunması üçün xüsusi laboratoriya təşkil edildi. Həmin laboratoriyada daşlar üzərindəki yazılar oxunmağa və araşdırılmağa başlandı. Tədqiqatçılar Bayıl qəsrinin daş kitabələrində 15 Şirvanşahın adını, tikinti tarixlərini oxuyublar. Yazılarda Məzyədi Şirvanşahların şəcərəsi göstərilib. Həmin kitabələrdən Mərdəkan qalasının da memarı olan memar Əbdülməcid Məsud oğlunun, Ustad Zeynəddin Əbdürrəşid oğlu Şirvaninin adları oxunub. Yazılar fars-ərəb dilli yazılardır və “Bismillah” kəliməsi ilə başlayır. Sonra isə şahlara xitab olunan sözlər gəlir. Daşlar üzərindəki yazıların əksər hissəsi fars dilində tərtib olunub və müxtəlif bəzək elementləri ilə, əsasən nabati xarakterli bəzəklərlə bəzəniblər. Kitabə daşlarından birində "Bəndər-i Baku”, yəni liman qala sözləri Bakının o dövrdə Şirvanşahların əhəmiyyətli liman şəhəri roluna işarədir. Yazılarla yanaşı, bəzi daş layların üzərində ustalıqla işlənmiş mifik və canlı heyvan, hətta insan surətləri də tapılıb. Orta əsrlər dövrünə aid heç bir digər Azərbaycan abidəsində canlı insan və heyvan təsvirlərinin daş üzərində frizlənməsi müşahidə edilməyib. Xüsusilə anfas, yəni qabarıq insan və heyvan təsvirləri maraq kəsb edir. Bu baxımdan Bayıl qəsri xüsusilə seçilir. Daşlar üzərində xüsusi texnikaları tətbiq etməklə yüksək bədii estetik zövqlə ümumiləşdirilmiş qadın və kişi obrazları deyil, konkret insanların barelyeflərinin yaradılması dövrün memarlıq və bədii daşyonma sənətinin tərəqqisini sübut edir. İnsan təsvirləri əsasən taclı təsvir edilib. Bu da həmin təsvirlərin Şirvanşahların barelyefləri olduğuna işarədir.

1306-cı ildə güclü zəlzələ nəticəsində Bayıl qalası dağılıb və bir daha bərpa edilməyib

XIII əsrin yadigarı olan Bayıl qalasının tikinti işləri 1235-ci ildə yekunlaşıb. Lakin qəsrin ömrü uzun sürməyib. XIV əsr tarixçisi Arif Ərdəbilli qeyd edir ki, "Bakıda dənizin qarşısını almış Nouşəh (yəni şəhər) adlı bir qala vardır, lakin o suya qərq olmuşdur". 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində Xəzər sahilinin bir hissəsi çöküb, Xəzərin səviyyəsi xeyli qalxıb və abidə dəniz sularına qərq olub. Tarixçi Əbdürrəşid Bakuvi yazır ki, qala elə möhkəmləndirilmişdi ki, monqolların hücumlarına sinə gəlmiş, monqollar qalanın ala bilməmişdilər. Göründüyü kimi, qala zəlzələ nəticəsində dağılıb və bir daha bərpa edilməyib. XIV əsrdə Bayıl qəsri dağılandan sonra Şirvanşahların yeni iqamətgahı XV əsrin əvvəllərində tikilmiş Şirvanşahlar Sarayı olub.

1683-cü ildə Bakıda olmuş alman səyyahı S.Kempferin çəkdiyi rəsmdə, dənizə uzanan qala divarının ucunun yaxınlığında, suyun altından görünən bir neçə bürcün dağılmış üstləri görünür. O qeyd edirdi ki, dənizin səthinin nisbətən düşməsi və suyun çəkilməsi nəticəsində həmin tikinti üzə çıxmışdı və o, tikintinin qalıqlarını görmüşdü. Xəzər dənizinin səviyyəsinin yenidən enməsi nəticəsində XVIII əsrin əvvəllərində qalanın qalıqları daha aydın görünməyə başladı.

Görkəmli Azərbaycanın tarixçisi A.A.Bakıxanov yazırdı ki, Bakı önündə görünən bürclər, divarlar və qəbirüstü daşlar və həmçinin onların tarixindən məlumat verən yazılı mənbələr, bütün bunlar təsdiq edir ki, 400-500 il bundan əvvəl burada mövcud olmuş abad bir şəhər dənizə qərq olub.

Alimlərin fikrincə, XIII əsrin sonuna qədər Xəzərin səthi aşağıda idi, lakin XIII əsrin sonundan başlayaraq, təxminən 100 il ərzində, suyun səthi 10 metrə qədər qalxıb. XVIII əsrin əvvəllərində suyun səviyyəsi endikdən sonra qalanın qalıqları görünməyə başlayıb. Lakin XX əsrin əvvəllərinə kimi dənizin suyunun səviyyəsi yenidən yüksəlib. XX əsrin 20-ci illərindən, xüsusən 1925-ci ildən başlayaraq su çəkilməyə başlayır, 40-cı illərdə Xəzərin səviyyəsi 2 metrə qədər enmişdi və nəhayət, ötən əsrin 60-cı illərinin axırlarından su yenidən qalxmağa başlamışdı. Hazırda Xəzərin səviyyəsi yenə enməkdədir.

Həmin tarixi abidənin qalıqları “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 2001-ci oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib. Bayıl qəsrinin tikintisi təxminən səkkiz əsr bundan əvvəl Azərbaycanda memarlıq sənətinin yüksək səviyyədə olduğundan xəbər verir. Bayıl daşları Azərbaycan xalqının keçmişini, mədəniyyətini, incəsənətini öyrənmək üçün dəyərli bir maddi mədəniyyət abidələrindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə