BƏƏ Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

Ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 30-da Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Birləşmiş Ərəb Əmirlikləri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadə və digər rəsmi şəxslər müşayiət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə