Azərbaycanda ilk dəfə Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib - FOTOLAR

Oktyabrın 30-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, “Gələcəyə tərəf” devizi altında keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, özəl sektorun nümayəndələri, yerli və xarici karyera məsləhətçiləri, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri, inkişaf mentorları iştirak ediblər.

Məqsəd əmək bazarında yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlığını dəstəkləməkdir.

Sammitdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf siyasətinin mərkəzində məhz insan amili, onun bilik və bacarıqları dayanır. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qeyd olunduğu kimi, gələcəyin iqtisadiyyatı biliklərə, bacarıqlara və texnologiyalara əsaslanmalıdır.

Gələcəyin peşələrinin artıq bu gündən formalaşdığını, bu baxımdan, muxtar respublikada təhsil, biznes və dövlət sektorunun sıx əməkdaşlığı sayəsində yeni istiqamətlər üzrə hazırlıq və təcrübə proqramlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdıran Samir Seyidəhmədli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə mühüm addımlar atılır:”Rəqəmsallaşma artıq seçim deyil, zərurətdir. Muxtar respublikada elektron xidmətlərin genişləndirilməsi, “ağıllı idarəetmə” sistemlərinin tətbiqi, rəqəmsal iqtisadiyyatın formalaşdırılması, təhsil və məşğulluq əlaqələrinin gücləndirilməsi, gənclərin innovativ layihələrə cəlb olunması, ixtisaslı kadr hazırlığı və digər sahələr üzrə bacarıqların inkişaf etdirilməsi ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” da məhz bu məqsədlə - dayanıqlı, innovativ və inklüziv inkişaf modelini reallaşdırmaq üçün hazırlanıb. Bu proqram muxtar respublikanın iqtisadi, sosial və ekoloji sisteminin müasirləşdirilməsini, yeni iqtisadi istiqamətlərin formalaşdırılmasını, ən əsası, insan kapitalının gücləndirilməsini hədəfləyir”.

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli belə bir sammitin təşkilinin ölkəmizin məşğulluq siyasətində yeni düşüncə mərhələsinin göstəricisi, insan kapitalına, eləcə də bilik və bacarıqların gələcək nəsillərə ötürülməsinə yönəlmiş strateji baxışın ifadəsi olduğunu qeyd edib. Nazir müavini bildirib ki, Naxçıvan Muxtar Respublikasında da hazırda yenilənən iqtisadiyyatın, innovativ yanaşmaların və gənclərin potensialının üzə çıxarılması sahəsində mühüm və ardıcıl işlər aparılır. ”Bu sammitin nəticələri gələcəyin peşə ekosisteminin formalaşmasına dəyərli töhfə verəcək. Çünki burada dövlət, özəl sektor və təhsil müəssisələri gələcəyin peşə xəritəsini formalaşdırmaq üçün birgə səylər göstərəcək. Biz birlikdə gələcəyin əmək bazarını daha inklüziv, rəqabətədavamlı və insan mərkəzli edə bilərik”, - deyə o diqqətə çatdırıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, süni intellekt 4-cü sənaye inqilabının ən yeni çağırışıdır. O, vurğulayıb ki, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi bu çağırışlara cavab verməklə gələcəyin ixtisaslı kadr potensialını gücləndirməyə xidmət edir. Gələcəyin peşələri ilə bağlı mühüm proqnozları diqqətə çatdıran rektor vurğulayıb ki, elm və təhsil müəssisələri yeni tələbləri əsas fəaliyyət istiqaməti kimi götürərək yeni düşüncə, analitik təhlil imkanlarına və innovativ yeniliklərə hazır olan kadr potensialının formalaşmasında əsas baza rolunu oynayır. Naxçıvan Dövlət Universitetində də bu yöndə islahatlar aparılır. Ali təhsil ocağında İnnovasiya Mərkəzi istifadəyə verilib. Hazırda inşası davam etdirilən Texnoparkda digər yeniliklərlə yanaşı, nanotexnologiya laboratoriyasının da yaradılması nəzərdə tutulur.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov tədbirdə çıxış edərək bildirib ki, gələcəyin peşələri özəl sektor üçün, sadəcə, insan resursu deyil. Onlar şirkətlərin innovasiyaya yönəlmiş strategiyasının mərkəzində dayanır:”Bu peşələr şirkətlərin inkişafını sürətləndirir, yeni iş yerləri yaradır, rəqabət və istehsal gücünü artırır. Buna görə də həm təhsil sistemi, həm də dövlət və biznes strukturları yeni dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Gələcəyin peşələri özəl sektoru gücləndirəcək, güclü özəl sektor isə ölkəmizin beynəlxalq səviyyədə mövqeyini daha da yüksəldəcək”.

Tədbir “Əmək bazarının transformasiyası” və “Dəyişikliklərə adaptasiya” adlı iki panel müzakirəsi ilə davam edib.

Qeyd edək ki, növbəti Gələcəyin Peşələri Sammitinin noyabrın sonlarında Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə