Keçmiş hadisələri olduğu kimi xatırlamırıq, onları hər dəfə yenidən yaradırıq.İnsan yaddaşı həyatımızın görünməz kitabıdır. Biz elə düşünürük ki, yaddaş bir arxivdir - orada keçmiş hadisələr sabit şəkildə saxlanılır və istədiyimiz an “açıb baxa bilərik”. Amma elm sübut edib ki, beyin keçmişi olduğu kimi saxlamır – o, hər dəfə xatırladığımızda onu yenidən qurur.
Bəzən buna görə uşaq vaxtı baş vermiş hadisəni illər sonra tam fərqli xatırlayırıq, bəzən isə heç olmayan xatirələr belə bizə “gerçək” gəlir. Bu fenomenə psixologiyada “xatirələrin rekonstruksiyası” deyilir. Yəni yaddaş sadəcə saxlamaq deyil - yaratmaq prosesidir.

Yaddaş beynin harasında yaşayır?
Yaddaş tək bir hissədə yerləşmir; o, beynin müxtəlif bölgələrinin ortaq fəaliyyətinin nəticəsidir. Ən əsas rolu hipokamp və prefrontal korteks oynayır. Hipokamp xatirələrin “əsas sxemini” formalaşdırır, prefrontal korteks isə onları məntiqi ardıcıllığa salır. Hər dəfə bir hadisəni xatırladıqda, beyin həmin sinir yollarını yenidən aktivləşdirir. Bu, əslində “keçmişi yenidən yaşamaq” deməkdir.
Neyroloq Elizabeth Loftus yazır ki: “Xatırlamaq – hadisəni yaddaşdan çıxarmaq deyil, onu təzədən qurmaqdır. Hər dəfə xatırladıqca bir az dəyişir”.

Keçmiş niyə dəyişir?
Beyin yaddaşları sabit şəkildə saxlamır; onlar plastik və dinamik xarakter daşıyır. Əgər xatirəni hər dəfə xatırlayanda fərqli emosional vəziyyətdə olsaq, beyin həmin xatirəyə yeni hisslər, detallar əlavə edə bilər. Məsələn, uşaq vaxtı baş verən xoş bir hadisəni illər sonra kədərli dönəmdə xatırlasaq, həmin xatirə “daha soyuq” görünə bilər.
Bu, keçmişin dəyişməsi deyil - beynin onu yeni vəziyyətə uyğunlaşdırmasıdır.
Yalançı xatirələr necə yaranır?
Elm sübut edib ki, bəzən insan beyninə heç baş verməmiş hadisələr “xatirə” kimi yerləşə bilər. Məsələn, kiminsə danışdığı bir hadisəni çox eşidəndə, beyin onu sanki “bizim başımıza gəlib” kimi qəbul edə bilir. Bu, “yalançı yaddaş sindromu” adlanır. Elizabeth Loftus-un məşhur təcrübəsində könüllülərə uşaqlıqda “ticarət mərkəzində itdikləri” söylənmişdi. Bir neçə gün sonra iştirakçıların yarısı bu hadisəni əsl xatirə kimi danışmağa başlamışdı. Beyin üçün əsas olan həqiqət deyil, ardıcıl və emosional hekayədir.

Yaddaşın bioloji mexanizmi
Hər bir xatirə beynin neyronları arasında yaranan yeni rabitədir. Bu rabitələr sinaps adlanır və təkrarlandıqca güclənir. Əgər bir hadisəni çox xatırlayırıqsa, onun sinir yolları daha da möhkəmlənir – nəticədə xatirə “daha real” hiss edilir. Əksinə, xatırlanmadıqca sinapslar zəifləyir və hadisə “silikləşir”. Buna görə bəzən köhnə xatirələr bulanıqlaşır, bəzən isə müəyyən bir qoxu, musiqi və ya şəkil onları dərhal canlandırır.

Dünya nəzəriyyəsinə istinad: Yaddaş və reallıq
Müasir neyroelmin yanaşmasına görə, yaddaş keçmişin pasiv izini deyil, indiki beynin interpretasiyasını əks etdirir. Bu fikir bir çox nəzəriyyələrdə yer alıb. Amerikalı neyropsixoloq Daniel Schacter “Yaddaşın yeddi günahı” kitabında yazır: “Yaddaş reallığı saxlamır, onu davamlı şəkildə yenidən qurur. Bu, həm zəiflik, həm də uyğunlaşma mexanizmidir”. Eynşteynin nisbilik nəzəriyyəsinə görə isə zaman kimi keçmiş də dəyişkəndir. Beyin keçmişi dərk etdikcə, onu yenidən formalaşdırır – yəni yaddaş da bir növ “nisbilik qanununa” tabedir.

Niyə bəzi xatirələr silinmir?
Bəzi hadisələr - xüsusən də güclü emosional təcrübələr - hipokamp tərəfindən amigdala ilə birlikdə emal olunur. Bu, hadisəni daha dərin və qalıcı hala gətirir. Məsələn, ilk sevgi, qəza, müharibə və ya uşaq itkisi kimi hadisələr “emosional iz” buraxır və bu iz bəzən ömür boyu silinmir.
Beyin bu xatirələri qoruyur, çünki onlar təhlükə və ya həyati dərs daşıyır.
Yəni yaddaş yalnız keçmişi saxlamaq üçün deyil, gələcəyi qorumaq üçün də işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB