Sabunçu rayonunda narkotiklərlə bağlı maarifləndirici seminar keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.14-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici seminar keçirilib. Bu barədə SİA-ya Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirdə Sabunçu rayonu üzrə ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimləri, psixoloqları və valideynlər şurasının üzvləri iştirak edib.

Seminar zamanı narkotik və psixotrop maddələrin fəsadları, onların insan orqanizminə və cəmiyyətə vurduğu zərər, həmçinin erkən profilaktika və valideyn nəzarətinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Məktəb, ailə və cəmiyyət arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanaraq, gənclərin sağlam həyat tərzinə yönəldilməsi istiqamətində birgə fəaliyyətin zəruriliyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə