Türkiyənin millət vəkili AŞPA-nı ikili standartlardan əl çəkməyə çağırıb

Avropa Şurası Parlament Assambleyası (AŞPA) ikili standartlardan əl çəkməli, cinayət işindən siyasi məqsədlər üçün istifadə etməməlidir. SİA xəbər verir ki, bunu Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Meryem Göka Assambleyanın Strasburqda keçirilən yaz sessiyasının iştirakçıları qarşısında çıxışı zamanı deyib.

Millət vəkili AŞPA üzvlərinin Türkiyədə və digər ölkələrdə, xüsusən də Fransada korrupsiya araşdırmalarına yanaşma fərqliliyini “ikiüzlülük” adlandırıb.

O, İstanbul şəhər bələdiyyəsinin keçmiş başçısı Ekrem İmamoğlunun həbsi ilə bağlı qərar layihəsinin müzakirəsi zamanı deyib: “Türkiyə hüquqi dövlətdir və davam edən məhkəmə prosesi ilə bağlı istənilən qiymətləndirmə hüququn əsas normalarına ziddir: Türkiyədə heç bir siyasi təqib yoxdur”.

Onun sözlərinə görə, dünyanın heç bir demokratik ölkəsi seçkilərə üç il qalmış prezidentliyə namizəd seçmir. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan deputat qeyd edib ki, müxalif Cümhuriyyət Partiyasının bu addımı İmamoğlu işini siyasiləşdirmək məqsədi daşıyırdı.

M. Göka sual verib: "Hansı Avropa ölkəsində məhkəmə qərarları ətrafında siyasi isteriya qızışdırılır? Bunun bariz nümunəsi Fransada Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen haqqında çıxarılan hökmə reaksiyadır. Avropanın heç bir yerində məhkəmənin müstəqilliyi sual altına alınmır, ancaq söhbət Türkiyədən gedən kimi, artıq ittihamlar səslənir, hücumlar səngimir”.

"Biz ikiüzlülük, qərəzli münasibət və "Türkiyədəki vəziyyətlə bağlı narahatlıq" ifadələri ilə üzləşməkdən yorulmuşuq. Ölkəmiz əvvəlki kimi deyil! Ankaranın göstəriş aldığı dövr arxada qaldı", -deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə