Oğurluq və soyğunçuluq edənlər saxlanılıb

Bakı və Sumqayıt şəhərlərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra oğurluq və soyğunçuluq faktlarının üstü açılıb. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, Nəsimi rayonunda yerləşən ticarət mərkəzlərindən birində iki qadının mobil telefonu oğurlanıb. Keçirilən tədbirlərlə həmin talamada şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 43 yaşlı R.Seyidov saxlanılıb. Bundan başqa, Nəsimi rayonu ərazisində bir nəfərin içərisində pul və mobil telefon olan əşyasını soyğunçuluq yolu ilə ələ keçirən 21 yaşlı A.Balaməmmədov da polis əməkdaşları tərəfindən müəyyən edilərək tutulub.

Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində isə bir nəfərin avtomobilindən 5000 manat oğurlanıb. Zərərçəkən polisə müraciət edərək həmin gün bankdan götürdüyü krediti avtomobilə qoyduğunu bildirib. Araşdırmalar nəticəsində nəqliyyat vasitəsindən oğurluq edən 30 yaşlı İ.Əsədullazadə saxlanılıb.

Oxşar hadisə Sumqayıt şəhərində də qeydə alınıb. Daxil olmuş məlumat əsasında həyata keçirilən tədbirlərlə avtomobildən külli miqdarda xarici valyuta və bank kartları oğurlayan 60 yaşlı A.Talıbov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə