"Azərbaycanın Qafqazda sabitliyin qorunmasındakı rolu çox böyükdür"

Azərbaycanın Qafqazda sabitliyin qorunmasındakı rolu çox böyükdür və biz Azərbaycanla olan çox yaxın dostluğumuzla fəxr edirik. Gürcüstanla Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığı, əməkdaşlığı və dostluğu daha da dərinləşdirmək üçün yüksək motivasiyaya sahibik. Azərbaycanın rəhbərliyi ilə çox gözəl münasibətlərimiz var. Prezident İlham Əliyev, eləcə də Azərbaycanın bütün yüksəkvəzifəli şəxslərinin Gürcüstana göstərdikləri güclü dəstəyə görə təşəkkür edirəm. Ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir, lakin biz bu əlaqələri daha da gücləndirməyə qərarlıyıq.

SİA-nın məlumatına görə, bu fikirləri Antalyada açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze ifadə edib.

Azərbaycan ilə Ermənistan arasındakı normallaşma prosesinə toxunan Baş nazir deyib: “Cənubi Qafqaz regionunda sülh hamı üçün, eyni zamanda, Gürcüstan üçün də son dərəcə önəmlidir. Azərbaycanla Ermənistan arasında əldə edilə biləcək bütün razılaşmaları məmnuniyyətlə qarşılayırıq. Əgər Gürcüstan tərəfindən belə bir ehtiyac yaranarsa, danışıqları təşviq etmək üçün dəstək verməyə hazırıq. Gürcüstan hər zaman regionda sülhün möhkəmləndirilməsi baxımından çox pozitiv rol oynayıb və biz eyni rolu oynamağa hazırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə