İran Xarici İşlər Nazirliyi ABŞ danışıqlarından sonra açıqlama verib

…Omanın paytaxtı Maskatda İran İslam Respublikası ilə ABŞ arasında sanksiyaların aradan qaldırılması və nüvə məsələlərinə dair dolayı danışıqlar yekunlaşıb.

SİA-nın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalı məlumat yayıb.

Qeyd edək ki, danışıqlar Omanın vasitəçiliyi ilə şənbə günü baş tutub.

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi və ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff İranın nüvə proqramı və anti-İran sanksiyalarının ləğvi ilə bağlı məsələlər ətrafında öz hökumətləri haqqında fikir mübadiləsi aparıblar.

Danışıqlar dolayısı ilə olub və Omanın xarici işlər naziri vasitəsilə aparılıb, lakin Araqçi və Vitkoff bir-birləri ilə bir neçə dəqiqə danışıblar.

…Qeyd etmək lazımdır ki, iki saat yarımdan çox davam edən dolayı danışıqlardan sonra İran və Amerika nümayəndə heyətlərinin rəhbərləri Oman xarici işlər nazirinin iştirakı ilə danışıqların keçirildiyi məkanı tərk edərkən bir neçə dəqiqə danışıblar. Tərəflər danışıqların gələn həftə davam etdiriləcəyi barədə razılığa gəliblər.

Bu, İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

…Reuters qeyd edir ki, Əraqçi danışıqların “məhsuldar və müsbət atmosferdə” keçdiyini əlavə edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi daha əvvəl X sosial şəbəkəsində bildirib ki, danışıqlarda iştirak edən hər bir nümayəndə heyətinin öz ayrıca otağı var və onlar Oman xarici işlər naziri vasitəsilə mesaj mübadiləsi aparırlar.

Omandakı mənbə Reuters agentliyinə bildirib ki, "Danışıqların hazırkı diqqəti regional gərginliyin azaldılması, məhbusların mübadiləsi və Tehranın nüvə proqramına nəzarət müqabilində İrana qarşı sanksiyaların yumşaldılması üçün məhdud razılaşmalar olacaq".

Baqai bu məlumatı təkzib etsə də, bununla bağlı dəqiq nəyin yanlış olduğunu açıqlamayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə