Ceyhun Bayramov İvan Xil Pinto ilə görüşüb

Azərbaycan və Venesuela arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.

SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, görüş zamanı Azərbaycan və Venesuela arasında mövcud əməkdaşlıq gündəliyinin müxtəlif, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi istiqamətləri üzrə irəlilədilmə imkanları, ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq fəaliyyəti, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Venesuela arasında münasibətləri xarakterizə edən möhkəmlənən siyasi əlaqələri və qarşılıqlı hörməti bir daha təsdiqləyiblər. Davamlı siyasi dialoq və yüksəksəviyyəli səfərlərin mübadiləsi vasitəsilə ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Nazirlər müxtəlif sahələrdə, xüsusən də iqtisadi və enerji, turizm sektorlarında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını, həmçinin elm və mədəniyyət sahələrində potensial təşəbbüsləri, o cümlədən akademik və peşəkar mübadilə proqramlarının həyata keçirilməsini müzakirə ediblər.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu vurğulanıb, çoxtərəfli platformalarda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə