Ata sürünür, oğul sürür… - Hekayə

Fil.ü.f.d. Ofelya Sultanqızı

Bazar günü idi. Hava da çox isti. Payız fəsli olmasına baxmayaraq yayın istisi vardı havada. Ancaq İstanbulda havaya çox da etibar etmək olmur. Bir də görürsən belə istidən bir neçə saat keçməmiş göy üzünü qara bulud aldı, elə şıdırğı yağış, leysan başladı, gəl-görəsən.

Havanın necə olmasından asılı olmayaraq imkan daxilində hər gün piyada gəzməyi çox sevirəm. Həftə sonu tez-tez dostlarla görüşür, piyada gəzintiyə çıxırıq. Bu gün də bazar günü olduğundan bu məqsədlə evdən çıxdım. Dostlarla görüşüb, bir xeyli dəniz kənarında gəzdik. Sonra çox sevdiyimiz məkanlardan birində əyləşdik. Qəhvə içdik, işlərimiz barədə söhbətləşdik, dünyada baş verən hadisələrlə bağlı fikir mübadiləsi etdik. Bır sözlə, çox gözəl bir gün keçirdik. Yenə görüşmək ümidiylə səmimi sağollaşıb, ayrıldıq.

Evə dönərkən yolüstü gözüm üzərində “Organik Kent Pazarı” yazılmış çadır bazarına sataşdı. Yazıdan da məlum idi ki, bazarda kənd məhsulları satılır. Və bu kənd bazarı öz əkib-becərdikləri məhsullarını satmaq istəyən insanlar ücün qurulub. Ümumiyyətlə, kənd həyatını çox sevdiyimdən maraq mənə güc gəldi. Bazara getməyi qərara aldım. Piyada keçidini keçib, çox geniş bir ərazidə qurulmuş çadır bazarına çatdım. Səliqəylə düzülmüş piştaxtaların üzərində təzə meyvə-tərəvəzlər,bal, yumurta, zeytun və nehrə yağı, çeşid-çeşid pendirlər, quru meyvələr, bir sözlə, nə istəsən bazarda vardı. Satıcıların da mallarına tərif dolu çağırışları bazarda xoş bir abu-hava yaradırdı. Yaşlı bir qadından bazarlıq etdim. Bazarın çıxışına doğru gedərkən birdən gözüm iki ayağı olmayan, arıq, çəlimsiz, gündən qapqara qaralmış, əllərinə əski dolayıb, soyuq asfaltın üstündə sürünərək dilənən adama sataşdı. Çox pis oldum. Bir anlıq öz-özümə: “Allahım, görəsən anadan belə doğulub, yoxsa bir qəza keçirib? Yəqin tək yaşayır, heç baxanı da yoxdu.Yoxsa niyə bu soyuq asfaltın üstündə sürünərək dilənsin. Nə etsin, həyatda qalmaq, yaşamaq üçün dilənib, özünə çörək pulu qazanır”,-dedim. Ürəyimdə öz verdiyim suallara cavab axtarmağa, bəlkə də ona haqq qazandırmağa çalışdım. Dilənçilərə çox rast gəlmişdim. Ancaq əl-ayağı yerində, iş qabiliyyəti olub, dilənən insanları görəndə çox ehtinasız keçmişdim yanlarından. Ancaq bu insana ehtinasız qalmaq mümkün deyildi. Birdən-birə elə acıdım ki, qəlbim parçalandı. Kimsəsiz olduğunu düşündüm. Kənara çəkildim. Çantamı açıb, pulqabımdan yüz lirə çıxartdım (bizim pulla beş manat edir). Bu pula hardasa bazardan iki kilo meyvə ala bilərdi. Gözümlə onu axtarmağa başladım. Bazarın çıxışında seyrəklik olsa da gözümdən qaçırmışdım. İti addımlarla irəliləməyə başladım. Bazarın çıxışı tərəfdə süründüyünü gördüm. Gördüyümə çox sevindim. Sürünə-sürünə bazardan çıxırdı.Tez yaxınlaşıb əlimdəki pulu boynundan asdığı qaba qoymaq istəyirdim ki, arxasınca gələn, geyimlərinin üzərində böyük hərflərlə “Zabıta” yazılmış iri cüssəli iki kişidən biri mənə: “Ablacım, vermeyin. Neden veriyorsunuz?”, -dedi. Dilənən kişi də əliylə qabın ağzını tutdu. Bir anlıq dondum. Əlim göydə qaldı. Bu necə insanlıqdı, nədən demək istədim. Ancaq deyə bilmədim. Elə bil dilim tutuldu. Pərt olmuşdum. Səhv iş tutmuş kimi görünürdüm. Susduğumu görən Zabıta: “Ablacım, onun paraya ihtiyacı yok. Her şeyi var- evi, arabası-jeepi. Oğlunu aradı, gelip götürecek”,-dedi. Bu iki Zabıtanın öz işlərini icra etdiyini, ona görə onu tələsdirərək bazardan uzaqlaşdırmağa çalışdıqlarını indi anladım. Susduğumu görən o birisi Zabıta mənə: “Abla paranız varsa, siz o parayı ihtiyaç sahibi öğrencilere verin, o kadar yardıma muhtaç öğrenciler var. Öğrenciler bizim geleceğimiz”. Bu iki Zabıtaya ancaq “tamam” deyə bildim. Əlimdə saxladığım pulu cibimə qoydum. Elə bu vaxt çox səliqəli geyimli, yaraşıqlı bir gəncin bizə tərəf gəldiyini görən Zabıta üzünü dilənən kişiyə tutub dedi:

- Bak, oğlun geldi. Bir daha seni buralarda dilenerken görmeyeyim.

Oğlan çox sakit addımlarla yaxınlaşıb, atasını qucağına aldı. Sonra heç kimin üzünə baxmadan cəld hərəkətlə yolun kənarında saxladığı maşına tərəf getdi. Atasını qucağından yerə qoyub, maşının ön qapısını açdı. Ordan bir örtük götürdü.Dörd qatlanmış örtüyün qatı açılsın deyə çırpdı.Qabaq oturacağa sərdi.Atasını qucağına alıb,maşının qabaq oturacağında otuzdurdu, kəməri bağladı. Özü də maşına əyləşib, sürüb gözdən itdi. Film izləyirmiş kimi gözümü çəkə bilmirdim onlardan. Maşın şütüyüb getsə də mənim gözümün önündən getmirdi, nə üstü toz-torpaq yerdə sürünüb dilənən ata, nə də jeep sürən o səliqəli geyimli oğul. Maşının səliqəsi pozulmasın, çirklənməsin deyə oturacağa örtük sərib, atasını o örtüyün üstündə otuzduran oğul yəqin ki, evə çatan kimi atasının boynundan asdığı o qutunu götürəcək. O pulları sayacaq. Pulun az yığılmasına səbəb olan Zabıtaları qınayacaq. Sonra da o pulları götürüb, dostlarıyla bir yerdə çox gözəl əylənəcəkdir. Bu mənim beynimdə qurduğum ssenari idi. Başqa cür də ola bilərdi. Evə çatan kimi atasını yuyundurub, paltarını dəyışəcək. İsti yemək ,çay verəcək. Yox, nədənsə bu son düşündüyümə inanmağım gəlmirdi. Atasının şikəstliyini özünə qazanc mənbəyi bilən oğuldan bunu necə gözləmək olardı . Soyuq asfaltın üstündə əllərini yerə dayaq verərək sürünən atanı dilənməyə məcbur edən görən səbəb nə idi .Oğlunun rahat, əziyyətsiz yaşaması üçün idimi bütün bunlar, yoxsa? Cavabını bilmədiyim o qədər sual dolanırdı beynimdə.

Bazarda çox ləngidim. Gec qaldım. Evə dönürdüm. Dostlarımla keçirdiyim o gözəl gündən sonra bu gördüklərim qanımı çox qaraltmışdı. Yol boyu öz vəzifə borcunu yerinə yetirən o Zabıtanın dediyi cümlə qulağımdan getmirdi. “Abla paranız varsa, siz o parayı ihtiyaç sahibi öğrencilere verin. O kadar yardıma muhtaç öğrenciler var. Öğrenciler bizim geleceğimiz".

Zabıta məni tanımırdı və uzun illər öğretmen olaraq çalışan, öğrencileri çox sevən bir öyrətmənə illərdi bildiyi bir doğru məsləhət verirdi. O məsləhət ki, dinimizdə deyildiyi kimi sağ əlin verdiyini sol əlin bilməyəcəyi qədər dəyərli bir məsləhət.

İstanbul, 20 oktyabr 2024

Bütün xəbərlər Facebook səhifəmizdə