"Magistratura sistemində müəyyən problemlər mövcuddur. Əvvəlcə qeyd edək ki, magistratura təhsili bakalavrdan sonrakı növbəti təhsil pilləsidir və əsasən akademik funksiyanı daşıyır. Magistr təhsilini alan şəxs ya bakalavr üzrə eyni ixtisasla davam edə, ya da MBA proqramları (biznesin idarə olunması, menecment, marketinq, səhiyyə və s.) üzrə ixtisas dəyişə bilər. Bu seçim tələbənin topladığı bala və maraqlarına uyğun olaraq sərbəstdir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, tələbələrin magistraturaya marağı aşağıdır: "Gənclər daha çox bakalavrı bitirdikdən sonra birbaşa işləyib maddi ehtiyaclarını ödəməyə üstünlük verirlər. Magistr və bakalavr arasında maaş fərqi ya yoxdur, ya da cüzi fərqlidir. Məsələn, müəllimlikdə bu fərq çox azdır, bu da tələbəyə iki il daha oxumağın mənasız olduğunu düşündürür. İşəgötürənlərin yanaşması da təsirsiz deyil. Magistr təhsili alan namizədə qarşı tərəddüd yaranır, çünki işə vaxt ayıra bilməyəcəyi düşünülür. Bu da təəssüf ki, müsbət yanaşmanın qarşısını alır. Dərslərin keyfiyyəti məsələsi də var. Magistr təhsili bizdə çox vaxt sadəcə elmi iş yazmaqla yekunlaşır. Halbuki bu pillə akademik tədqiqatlara əsaslanmalı və tələbənin elmi bacarıqlarını inkişaf etdirməlidir.
Yeni sistem – ilyarımlıq və ikillik magistratura – Türkiyə modelinə əsaslanır. İki illik proqramda elmi iş müdafiəsi olur və doktoranturaya keçid mümkündür. Amma ilyarımlıq proqramda bu yoxdur. Ona görə də bir çox gənc sadəcə diplom almaq üçün ilyarımlıq proqramı seçir. Digər ciddi problem qəbul imtahanının formatıdır. Magistraturaya qəbul zamanı riyaziyyat, məntiq, informatika və xarici dildən imtahan verilir. Bu isə dəqiq elmlər üzrə olanlara üstünlük verir. Humanitar sahəni (tarix, filologiya, coğrafiya və s.) bitirənlər isə aşağı bal toplayır. Halbuki bu tələbələr öz ixtisaslarında magistr oxumaq istəyirlər. Amma ixtisas üzrə sual olmadığından bu imtahanda uğur qazanmaq çətinləşir.
Məsələn, tarix ixtisasını bitirən bir tələbə tarixdən imtahan vermədən magistr oxuya bilməzsə, bu absurddur. Dövlət İmtahan Mərkəzi mütləq magistraturaya qəbul imtahanının formatını dəyişməli və ixtisas fənnini ora daxil etməlidir. Bütün bu qeyd olunanlar onu göstərir ki, magistratura təhsili ilə bağlı Azərbaycanda həm struktur, həm məzmun, həm də münasibət baxımından ciddi islahatlara ehtiyac var. Çıxış yolları da mövcuddur.
Magistr dərəcəsinə dəyərin artırılması vacibdir. Dövlət və özəl sektor işə qəbul zamanı magistr diplomunu sadəcə formal sənəd kimi deyil, bilik və bacarığın göstəricisi kimi qəbul etməlidir. Əmək haqlarında fərqlər olmalı və bu fərqlər stimullaşdırıcı səviyyədə olmalıdır. İmtahan formatının dəyişdirilməsi də önəmlidir. Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul zamanı ixtisas fənlərini də daxil etməlidir. Tələbə tarixçi olacaqsa, tarixdən; filoloq olacaqsa, filologiyadan imtahan versin. Bu həm ədalətli olar, həm də gənclərin akademik istiqamətə marağını artırar. Akademik səviyyənin qaldırılması zəruridir. Magistratura təhsili daha ciddi akademik hazırlıq, tədqiqat bacarığı və elmi fəaliyyət tələb etməlidir. Sadəcə diplom işi yazmaqla deyil, layihələr, araşdırmalar, konfrans iştirakları ilə zəngin bir tədris prosesi qurulmalıdır.
Əmək bazarına uyğunluq da vacibdir. Magistr proqramlarının məzmunu əmək bazarının ehtiyaclarına uyğun olmalıdır. Praktik biliklərə əsaslanan fənnlər, real iş təcrübəsi və mentorluq sistemləri tətbiq edilməlidir. İctimai maarifləndirmə məsələsi də diqqətdə olmalıdır. Gənclərə magistr təhsilinin üstünlükləri, gələcəkdə onlara qazandıracağı imkanlar haqqında daha çox məlumat verilməli, bu sahədə müsbət imic formalaşdırılmalıdır. Digər önəmli məsələ magistratura ilə doktorantura arasında əlaqəsizlikdir. Bir çox hallarda magistr təhsilini bitirən gənclər doktoranturaya keçid imkanlarını ya yetərincə bilmirlər, ya da bu keçid üçün yaradılan mexanizmlər kifayət qədər şəffaf və əlçatan deyil. Bu da birbaşa elmi kadrların formalaşmasında boşluqlar yaradır.
Tədris heyətinin keyfiyyəti məsələsi də diqqət mərkəzində olmalıdır. Magistr pilləsində dərs deyən müəllimlərin seçimi daha ciddi meyarlarla həyata keçirilməlidir. Yalnız yüksək elmi-pedaqoji səviyyəyə malik mütəxəssislər bu pillədə dərs deməlidirlər. Bu təhsil mərhələsi artıq tədqiqat yönümlü və daha dərin bilik tələb edən səviyyədir. Universitetlərin məsuliyyəti artırılmalıdır. Magistr təhsili sadəcə plan yeri doldurmaq, diplom təqdim etmək üçün yox, əslində gələcəyin alimlərini və mütəxəssislərini hazırlamaq üçün bir pillə kimi görülməlidir. Universitetlər öz daxili qiymətləndirmə sistemlərini təkmilləşdirməli, tələbələrin tədqiqat fəaliyyətini stimullaşdırmalı, onları beynəlxalq layihələrə və konfranslara cəlb etməlidirlər.
Son olaraq, təqaüd və maliyyə dəstəyi məsələsi də vacibdir. Bir çox gənc məhz maddi səbəblərə görə magistr təhsilindən imtina edir. Dövlət və özəl fondlar tərəfindən təqaüdlərin verilməsi, təhsil haqqı güzəştləri və digər dəstək mexanizmləri artırılmalıdır ki, gənclər təhsili maddi yük kimi deyil, inkişaf fürsəti kimi dəyərləndirsinlər. Əgər bu məsələlər ciddi şəkildə nəzərə alınmasa, yaxın gələcəkdə magistratura pilləsinə maraq daha da azalacaq. Bu isə ölkənin elmi potensialına və təhsil sisteminə mənfi təsir göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB