“Minaların mövcudluğu bərpa, quruculuq işlərini ləngidir” - DEPUTAT DANIŞDI

““Böyük Qayıdış” layihəsi çərçivəsində artıq genişmiqyaslı və strateji əhəmiyyət daşıyan işlər həyata keçirilir. İnfrastrukturun bərpası istiqamətində görülən tədbirlər – yol, enerji, su və rabitə şəbəkələrinin qurulması, yeni yaşayış məntəqələrinin salınması, eləcə də dayanıqlı məşğulluq imkanlarının yaradılması – layihənin kompleks və uzunmüddətli xarakter daşıdığını göstərir. Bu miqyaslı proses böyük maliyyə resursları ilə yanaşı, yüksək səviyyəli institusional koordinasiya tələb edir”.
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, tibb elmləri doktoru Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən bölgənin “yaşıl enerji zonası” kimi formalaşdırılması strateji prioritet kimi müəyyən edilib:

” Bu yanaşma yalnız Qarabağ və Şərqi Zəngəzurun bərpasını deyil, eyni zamanda ölkənin ümumi enerji siyasətinin ekoloji dayanıqlılıq prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur. Günəş, külək və su enerjisi kimi bərpa olunan mənbələrin regionda prioritet istiqamət seçilməsi həm ətraf mühitin qorunması, həm də uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Layihənin icrasında qarşıya çıxan ən ciddi problemlərdən biri isə mina təhlükəsidir. İşğal dövründə ərazilərin geniş şəkildə minalanması nəticəsində region dünyanın ən çox mina ilə çirklənmiş ərazilərindən birinə çevrilib. Müxtəlif mənbələrə görə, bu ərazilərdə bir milyondan artıq mina və partlamamış hərbi sursatın mövcud olduğu ehtimal edilir. Ermənistan tərəfindən mina xəritələrinin tam və dəqiq şəkildə təqdim edilməməsi isə vəziyyəti daha da mürəkkəbləşdirir.

Minaların mövcudluğu yalnız bərpa və quruculuq işlərini ləngitmir, eyni zamanda insan həyatı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən mina təmizlənməsi prosesi bərpa proqramının əsas və prioritet mərhələlərindən biri hesab olunur. Bu istiqamətdə Azərbaycan tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir: xüsusi təyinatlı qurumlar, o cümlədən milli və beynəlxalq ixtisaslaşmış şirkətlər prosesə cəlb olunur, müasir texnologiyalar – pilotsuz uçuş aparatları, robotlaşdırılmış sistemlər və innovativ aşkarlama üsulları tətbiq edilir.

Bununla belə, mina təmizlənməsi son dərəcə mürəkkəb, vaxt aparan və böyük maliyyə resursları tələb edən prosesdir. Hər bir ərazinin təhlükəsiz elan olunması üçün uzunmüddətli və çoxmərhələli yoxlamalar aparılmalıdır. Bu da məcburi köçkünlərin geri qayıdış tempinə birbaşa təsir göstərir. Eyni zamanda, mina təhlükəsi kənd təsərrüfatı fəaliyyətinin bərpasını, infrastruktur layihələrinin icrasını və ümumilikdə regionun sosial-iqtisadi inkişafını məhdudlaşdıran əsas amillərdən biri olaraq qalır.

Bütün bu çətinliklərə baxmayaraq, “Böyük Qayıdış” layihəsi ardıcıl və sistemli şəkildə həyata keçirilir. Layihə yalnız fiziki infrastrukturun yenidən qurulmasını deyil, həm də Azərbaycanın tarixi-mədəni irsinin qorunması və bərpasını əhatə edir. Bu kontekstdə Qarabağın gələcəkdə təkcə Azərbaycanın deyil, eyni zamanda İslam və Türk dünyasının mühüm mədəni, sosial və iqtisadi mərkəzlərindən birinə çevrilməsi real perspektiv kimi qiymətləndirilir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə