Boşanma zamanı uşağın valideynə göstərilməməsi hansı qanunlarla tənzimlənir? -HÜQUQŞÜNAS DANIŞDI

“Ailə münasibətləri cəmiyyətin ən həssas, eyni zamanda hüquqi mübahisələrin ən çox yarandığı sahələrdən biridir. Bu sahədə hüquq və vəzifələrin dəqiq tənzimlənməsi, eləcə də pozulmuş hüquqların müdafiəsi müasir hüquq sistemində xüsusi aktuallıq kəsb edir”.
Bu sözləri SİA -ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və digər yaxın qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir:

”Valideynlərin nikahının pozulması və ya onların ayrı yaşaması bu hüququ məhdudlaşdırmır. Eyni zamanda, valideynlər fərqli ölkələrdə yaşasalar belə, uşaq onların hər biri ilə ünsiyyət hüququnu saxlayır. Xüsusi hallarda - məsələn, uşaq həbsdə, müalicə müəssisəsində və ya digər müvəqqəti məhdudiyyət şəraitində olduqda belə - onun ailə üzvləri ilə ünsiyyət hüququ qanunvericiliklə qorunur.

Valideynlər və uşaqlar arasında ünsiyyət hüququnun həyata keçirilməsi ilə bağlı məhkəmə təcrübəsi “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 oktyabr 2011-ci il tarixli Plenum Qərarında ətraflı izah edilmişdir. Həmin sənəddə uşaqla görüşün təşkili və digər əlaqəli məsələlərə hüquqi aydınlıq gətirilmişdir.

Qanunvericiliyə və beynəlxalq hüquq normalarına əsasən, uşaqlardan ayrı yaşayan valideyn onların tərbiyəsində və təhsilində iştirak etmək, həmçinin uşaqla ünsiyyət saxlamaq hüququna malikdir. Digər tərəfdən, birlikdə yaşayan valideyn uşağın sağlamlığına və inkişafına zərər vurmadığı halda, digər valideynlə ünsiyyətə mane olmamalıdır. Valideynlər bu məsələ ilə bağlı qarşılıqlı razılaşma əldə edə bilərlər; razılaşma olmadıqda isə mübahisə məhkəmə qaydasında, qəyyumluq və himayə orqanlarının rəyi və uşağın fikri nəzərə alınmaqla həll edilir.

Uşaq hüquqlarının müdafiəsi sahəsində məhkəmə təcrübəsi göstərir ki, ünsiyyət hüququ yalnız valideynlər arasında deyil, digər yaxın qohumlara da şamil olunur. Bu hüquq məhkəmə qərarı ilə yaranan deyil, uşağın doğulduğu andan etibarən mövcud olan fundamental hüquq kimi qəbul edilir.

“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli Qərarında ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bunun nəticəsində yaranan mənəvi zərərin ödənilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Sənədə əsasən, valideynlərin uşağın tərbiyəsi, təhsili və onunla ünsiyyətdə olmaq hüquqları ilə yanaşı, uşaqların da ailə daxilində yaşamaq, tərbiyə almaq, müdafiə olunmaq və qohumları ilə əlaqə saxlamaq hüquqları mövcuddur.

Hüquqi təcrübədə müəyyən edilmişdir ki, valideynlik və uşaqlarla bağlı ünsiyyət hüquqlarının pozulması mənəvi zərərin yaranmasına səbəb ola bilər. Valideynlik hüquqlarından sui-istifadə, uşağın maraqlarına zidd davranışlar, onun fiziki və psixi sağlamlığına zərər vurulması və ya ünsiyyətin əsassız məhdudlaşdırılması hüquq pozuntusu hesab olunur.

Belə hallarda həm valideynlər, həm də uşaqlar (qanuni nümayəndələr vasitəsilə və ya yetkinlik yaşına çatdıqdan sonra müstəqil şəkildə) məhkəməyə müraciət edərək ünsiyyət hüququnun bərpasını və mənəvi zərərin kompensasiyasını tələb edə bilərlər. Məhkəmələr bu cür iddialara baxarkən münasibətlərin xarakterini, emosional bağlılığı, ünsiyyətin məhdudlaşdırılma müddətini və digər mühüm halları nəzərə alır.

Ailə münasibətlərində ünsiyyət hüququ yalnız hüquqi norma deyil, həm də insan şəxsiyyətinin və ailə dəyərlərinin qorunmasına xidmət edən fundamental sosial dəyər kimi çıxış edir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə