Ərdoğan CHP-ni "özəlləşdirir"...

Mətləb Salahov: “Kamal Kılıçdaroğlunun yenidən sədrliyə qaytarılması Türkiyə siyasəti üçün əsl "zəlzələ" effekti verib"

"Hazırda Türkiyə siyasətində ciddi gərginlik yaşanır. Məsələ əsas da İstanbul Bələdiyyəsinin keçmiş sədri olan İmamoğlu ilə bağlıdır. Hazırda həbsdə olan keçmiş İstanbul bələdiyyə sədrini digər ittihamlarla yanaşı, həm də CHP-nin sonuncu qurultayında saxtakarlıq etməkdə və Özgür Özəlin xeyrinə iş aparmaqda ittiham edirlər. Türkiyə məhkəməsinin CHP-nin son qurultayının nəticələrini ləğv etməsi və Kamal Kılıçdaroğlunu yenidən sədrliyə qaytarması Türkiyə siyasəti üçün əsl "zəlzələ" effekti verib."

Bu fikirləri SİA-ya açıqlamasında jurnalist ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, hazırda CHP-də daxili gərginlik pik həddindədir və bir çoxları baş verənlərdə hakim partiyanı, konkret Rəcəb Tayyib Ərdoğanı günahlandırırlar. "Bu məsələlərdə tək hədəf cənab Ərdoğandır. CHP-lilər onu partiyanı xaosa sürükləməkdə və ana müxalifət partiyasını parçalamaqda ittiham edirlər. Özgür Özəl və tərəfdarlarının, habelə əksər CHP-lilərin Kamal Kılıçdaroğlunu sədr kimi qəbul etməyəcəklərini bəyan etməsi Türkiyə siyasəti üçün gələcəkdə böyük gərginliyə bir işarədir.
Əlbəttə, CHP parçalanarsa və zəifləyərsə, o zaman bu vəziyyət hakim AKP-nin siyasi meydanda rəqibsiz qalması demək olacaq. Çünki Ərdoğan hakimiyyətinə qarşı seçkilərdə tək güclü rəqib CHP-dir. Baş verənlər məntiq baxımından R.T.Ərdoğanın CHP-ni "özəlləşdirdiyi" fikrini ortaya çıxarır. Çünki məhkəmənin sədrliyə qaytardığı K. Kılıçdaroğlu Ərdoğana loyal münasibətu ilə seçilir. Üstəlik, Türkiyə prezidentinin son çıxışlarında K. Kılıçdaroğlunu tərifləməsi də onun "Ərdoğanın adamı" olması barədə ciddi rəy yaradır”.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə