"Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma proqramlarının beynəlxalq platformalarda yüksək qiymətləndirilməsi ölkənin yalnız regional deyil, qlobal səviyyədə siyasi və humanitar mövqelərinin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin müxtəlif beynəlxalq tədbirlərdə nümunə kimi təqdim olunması göstərir ki, Azərbaycan artıq postmünaqişə idarəçiliyi sahəsində praktiki model formalaşdırmağa çalışır və bu model müəyyən beynəlxalq maraq doğurur".
Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, bu proses ilk növbədə Azərbaycanın beynəlxalq imicinə təsir edir: "Uzun illər ərzində Azərbaycan beynəlxalq müstəvidə əsasən münaqişə yaşayan ölkə kimi təqdim olunurdusa, indi ölkəmiz postmünaqişə transformasiyası həyata keçirən və dağıdılmış əraziləri yenidən inteqrasiya edən dövlət obrazını ön plana çıxarmağa başlayıb. Bu dəyişiklik diplomatik baxımdan əhəmiyyətlidir. Çünki beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız hərbi və iqtisadi imkanlarla deyil, eyni zamanda böhran sonrası idarəetmə qabiliyyəti və humanitar yanaşmaları ilə də ölçülür.
Azərbaycanın həyata keçirdiyi layihələrin diqqət çəkməsinin əsas səbəblərindən biri onların miqyası və konseptual xarakteridir. Burada söhbət yalnız yolların və binaların tikilməsindən getmir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji zonalarının yaradılması, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və müasir urbanizasiya prinsiplərinin istifadəsi postmünaqişə bərpasını klassik rekonstruksiya modelindən fərqləndirir. Azərbaycan faktiki olaraq dağıdılmış ərazilərdə sıfırdan yeni sosial-iqtisadi məkan qurmağa çalışır. Bu isə beynəlxalq təşkilatlar və inkişaf institutları üçün maraqlı təcrübə hesab olunur.
Humanitar-diplomatik baxımdan isə məcburi köçkünlərin qayıdışı məsələsinin beynəlxalq səviyyədə dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu məsələ təkcə Azərbaycanın daxili sosial siyasəti deyil, həm də beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri kimi təqdim edilir. İnsanların öz doğma torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmasının vurğulanması Azərbaycanın mövqeyini beynəlxalq hüquq müstəvisində daha legitim göstərir. Bu isə ölkənin diplomatik arqumentlərini gücləndirən mühüm amildir.
Bundan əlavə, Azərbaycanın postmünaqişə təcrübəsinin digər ölkələr üçün nümunə kimi göstərilməsi Bakının “yumşaq güc” imkanlarını da artırır. Müasir beynəlxalq siyasətdə dövlətlərin təsir imkanları yalnız siyasi bəyanatlar və hərbi resurslarla deyil, təqdim etdikləri idarəçilik modelləri ilə də müəyyən olunur. Əgər Azərbaycan postmünaqişə bərpası sahəsində uğurlu model kimi qəbul olunarsa, bu, ölkənin beynəlxalq təşəbbüslərdə iştirak imkanlarını genişləndirə və onu müəyyən humanitar platformalarda təcrübə ixrac edən aktora çevirə bilər.
Hazırda dünyada münaqişələrdən zərər çəkmiş bölgələrin sayının artması postmünaqişə yenidənqurması məsələsini beynəlxalq siyasətin əsas mövzularından birinə çevirir. Ukrayna, Yaxın Şərq və bəzi Afrika ölkələrində gələcək bərpa proqramları ilə bağlı müzakirələr fonunda Azərbaycanın təcrübəsi alternativ model kimi nəzərdən keçirilə bilər. Bu isə ölkənin beynəlxalq inkişaf və humanitar diplomatiya sahəsində rolunu daha da gücləndirə bilər.
Azərbaycanın postmünaqişə bərpa modelinin beynəlxalq səviyyədə müsbət qiymətləndirilməsi yalnız simvolik diplomatik uğur deyil. Bu proses həm ölkənin beynəlxalq nüfuzunun artması, həm humanitar siyasət sahəsində legitimliyinin möhkəmlənməsi, həm də gələcəkdə regional və qlobal təşəbbüslərdə daha fəal iştirak etməsi baxımından strateji əhəmiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB