“Lisey, gimnaziya və orta məktəb arasında hansı fərqlər var və valideynlər bu fərqləri yetərincə bilirlərmi?” sualı əslində çox vacib və aktual mövzulardan biridir. Çünki müasir təhsil sistemində valideynlərin, şagirdlərin və ümumiyyətlə ictimaiyyətin ən çox qarşılaşdığı məsələlərdən biri məhz bu təhsil müəssisələri arasındakı status və proqram fərqləridir”.
Bu sözləri SİA-ya açıqlamasında İlqar Orucov, fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

O bildirib ki, ilk olaraq ümumtəhsil məktəblərindən, yəni orta məktəblərdən başlayaq. Orta məktəblər dövlətin müəyyən etdiyi təhsil standartlarına uyğun şəkildə ümumi baza biliklərinin verilməsini təmin edir. Bu məktəblərə qəbul imtahansız həyata keçirilir. Şagirdlər əsasən yaşayış yeri və qeydiyyat üzrə ərazi prinsipi ilə həmin məktəblərə qəbul olunurlar. Tədris proqramı standart kurikulum əsasında qurulur və bütün fənlərə təxminən bərabər zaman ayrılır. Məqsəd isə hər bir uşağın konstitusion hüququ olan pulsuz və icbari təhsili təmin etməkdir:
“Gimnaziyalar isə daha çox xüsusi istedadı və humanitar sahələrə meyli olan şagirdlər üçün nəzərdə tutulur. Burada təhsil daha seçilmiş və dərinləşdirilmiş proqram əsasında təşkil edilir. Gimnaziyalara qəbul mərkəzləşdirilmiş imtahan vasitəsilə aparılır və yüksək nəticə göstərən şagirdlər qəbul olunurlar. Humanitar yönümlü fənlərə daha geniş yer ayrılır və şagirdlərin analitik düşüncə, nitq və dünyagörüşünün inkişafına xüsusi diqqət yetirilir.
Liseylərdə isə əsas diqqət daha çox dəqiq və təbiət elmlərinə yönəldilir. Riyaziyyat, fizika, kimya, biologiya və informatika kimi fənlər gücləndirilmiş şəkildə tədris olunur. Liseylərə qəbul da adətən yüksək nəticə tələb edən imtahanlar vasitəsilə həyata keçirilir. Xüsusilə mühəndislik, kompüter elmləri, tibb və riyaziyyat sahəsinə marağı olan şagirdlər üçün liseylər daha uyğun seçim hesab olunur.
Bu baxımdan hesab edirəm ki, həm valideynlər, həm də şagirdlər bu təhsil müəssisələri arasındakı fərqləri mütləq bilməlidirlər. Çünki düzgün seçim uşağın gələcək inkişafına birbaşa təsir göstərir. Seçim təsadüfi və ya cəmiyyətin formalaşdırdığı stereotiplər əsasında deyil, uşağın bacarıqları, maraqları və düşüncə istiqaməti nəzərə alınaraq edilməlidir.
Əgər şagird daha çox humanitar təfəkkürə sahibdirsə, gimnaziya onun üçün uyğun ola bilər. Dəqiq elmlərə marağı və potensialı yüksəkdirsə, lisey daha doğru seçim sayıla bilər. Əsas məsələ uşağın qabiliyyətini düzgün müəyyən edib onu uyğun istiqamətə yönləndirməkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB