Qızıl almaq sərfəlidirmi? - İQTİSADÇI DANIŞDI

Qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi gərginliklər və maliyyə bazarlarındakı dalğalanmalar fonunda qızıl yenidən investorların diqqət mərkəzinə çevrilib. Xüsusilə, 2026-cı ilin əvvəlindən qiymətlərdə müşahidə olunan dəyişkən dinamika, həmçinin manatın sabit məzənnəsi fonunda Azərbaycan bazarında qızılın alınıb-alınmaması məsələsi aktuallaşıb. Bəs, hazırkı şəraitdə qızıl almaq sərfəlidirmi?

Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, İran müharibəsi başladıqdan sonra əslində qızılın qiymətində azalmalar müşahidə olunub:

“Belə ki, son bir ayda qızılın qiyməti dünya bazarında 9% ucuzlaşıb. Bu da birbaşa investorların valyuta bazarına və bir sıra strateji məhsullara daha çox sərmayə yönəltməsi ilə bağlıdır və nəticədə qızıla tələbin azalması müşahidə edilib. Təbii ki, eyni zamanda qızıla tələbin azalmasının səbəblərindən biri də əvvəlki dövrlərdə qızılın qiymətində baş verən kəskin artımlar olub.

Bu amillər müəyyən dərəcədə qızılın qiymətinə təsir göstərib və müşahidələr göstərir ki, qızılın qiymətində müəyyən “köpük” formalaşmışdı. İran müharibəsindən sonra isə həmin köpüyün bir hissəsinin azalması müşahidə olunub. Bu baxımdan qızılın qiyməti son bir ayda aşağı düşüb. Lakin qızıl hər zaman investorların müraciət etdiyi həssas və strateji məhsullardan biridir. Buna görə də qızıl bazarında dalğalanmaların olacağı gözlənilir.

Qızıl bazarındakı qiymətlər yalnız bir aylıq dövrlə müəyyənləşdirilmir. Burada daha çox uzunmüddətli dövrə – 6 aylıq, yarımillik və bir illik göstəricilərə baxmaq lazımdır. Çünki 6 aylıq və bir illik dövrlərdə qızılın qiymətində artımlar qeydə alınıb.

Bu baxımdan Azərbaycanda qızıl ehtiyatlarının bir hissəsi qızılda saxlanılır və qızılın alındığı dövrlə müqayisədə onun qiymətində artım müşahidə olunur. Yəni uzunmüddətli perspektivdə, xüsusilə bir illik dövrdə qızılın qiymətində artım qeydə alınıb. Lakin qısamüddətli, yəni bir aylıq dövrdə qızılın qiymətinin 9% azalması müşahidə olunub”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə