Fransadan Hörmüz mesajı: Hərbi müdaxilə real deyil

Fransa Prezidenti Emmanuel Makron İranla bağlı müharibəyə dair açıqlamasında bildirib ki, Hörmüz boğazını açmaq üçün hərbi əməliyyat keçirmək real variant deyil.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Makron iki günlük rəsmi səfər çərçivəsində getdiyi Seul şəhərində fransız jurnalistlərə açıqlamalar verib.

O, BMT Nizamnaməsinə əsaslanan beynəlxalq nizama inandıqlarını vurğulayaraq, “Əməkdaşlığa, azad və ədalətli ticarətə inanırıq” deyib.

Makron qeyd edib ki, müxtəlif siyasi tərəfdaşlarla münasibətlərdə gözlənilməz vəziyyətlərlə üzləşirlər və bu səbəbdən tərəfdaşların şaxələndirilməsi vacibdir.

ABŞ və İsrailin İrana hücumları ilə başlayan münaqişə ilə bağlı Fransa “beynəlxalq hüquq və sabitlikdən yana” mövqe sərgilədiyini bildirib. O, regionda gərginliyin azaldılması və atəşkəsin təmin olunmasının vacibliyini vurğulayıb.

Fransa prezidenti Hörmüz boğazında gəmiçilik azadlığının bərpasını istəyərək, “Bu gün həm vətəndaşlarımız, həm də biz bu müharibənin qurbanlarıyıq” deyə qeyd edib.

Makron bildirib ki, bu müharibə uzunmüddətli perspektivdə İranın nüvə problemini həll etmir və uranın zənginləşdirilməsinin qarşısını almaq üçün daha sərt beynəlxalq mexanizmlər yaradılmalıdır.

Makron Hörmüz boğazını açmaq üçün hərbi əməliyyatı real hesab etmədiyini, bunun ciddi risklər daşıdığını və boğazın İranla məsləhətləşmə yolu ilə açılmalı olduğunu bildirib.

O, bu müharibənin ABŞ və İsrail tərəfindən müstəqil şəkildə başladıldığını vurğulayaraq qeyd edib: “Bu əməliyyatda biz iştirak etməmişik. Bu onların qərarıdır. Biz isə mümkün qədər tez sülhün bərqərar olmasını və diplomatik çərçivənin formalaşmasını istəyirik.”

Makron ABŞ-ın NATO-dan çıxma ehtimalı ilə bağlı açıqlamalara da münasibət bildirib. O qeyd edib ki, NATO kimi qurumlar qarşılıqlı etimad üzərində qurulduğu üçün dəyərlidir.

“Əgər hər gün öhdəliklərinizə şübhə yaradarsınızsa, bu, həmin ittifaqın mahiyyətini zəiflədir,” – deyə Makron bildirib.

O əlavə edib ki, ölkələr imzaladıqları sənədlərə və götürdükləri öhdəliklərə sadiq qalmalı, müttəfiqlərinin təhlükəsizliyini qorumağa davam etməlidirlər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə