Böyrək daşının müayinə və müalicəsi icbari tibbi sığorta ilə həyata keçirilir - MÜSAHİBƏ
Nərimanov Tibb Mərkəzinin həkim-uroloqu Emin Məmmədov SİA-ya müsahibəsini təqdim edirik:
Böyrək daşları cəmiyyətdə tez-tez rast gəlinən problemlərdəndir. Bir çox insan anidən başlayan güclü böyrək sancısı ilə həkimə müraciət edir və məlum olur ki, səbəb daşdır. Böyrək daşlarının müayinə və müalicəsi icbari tibbi sığorta ilə mümkündür. Mövzunu daha aydın başa düşmək üçün uroloqla danışdıq.
- Doktor, böyrək daşları nədir və necə əmələ gəlir?
– Böyrək daşlarını sadə dillə izah etsək, bu, sidiyin tərkibində olan duzların, mineralların və digər maddələrin toplanıb birləşməsi nəticəsində yaranan bərk kütlələrdir. Əslində, hər gün bədənimizdə bu maddələr olur və normal halda su içdiyimiz üçün onlar sidiklə xaric olur. Amma insan az su içirsə, ya da bədəndə maddələr mübadiləsi ilə bağlı problem varsa, bu duzlar böyrəyin içində yığılıb qalır və zamanla daş əmələ gətirir. Başqa sözlə, daşın əsas səbəbi orqanizmdə maye balansının pozulmasıdır.
-Xəstəliyin əlamətləri özünü necə göstərir?
– Böyrək daşının ən əsas əlaməti qəfil başlayan şiddətli ağrıdır. Xəstələr onu “sancışəkilli ağrı” kimi təsvir edir. Bu ağrı beldə və böyrək nahiyəsində başlayıb qasığa və hətta ayağa qədər yayıla bilər. Çox vaxt insan narahatlıqdan hərəkət edə bilmir, rahat vəziyyət tapa bilmir. Bundan başqa, sidiyin rənginin dəyişməsi – qırmızıya çalması, yəni qan qarışması, sidiyə tez-tez getmək, yanğı hissi, ürəkbulanma və hətta qusma da ola bilər. Bəzən çox kiçik daşlar heç bir əlamət vermədən öz-özünə düşür və insan sadəcə sidiyində balaca daş gördükdə bunun fərqinə varır. Sidikdə qan görmək, tez-tez sidiyə çıxmaq, sidik zamanı yanğı, ürəkbulanma və qusma da daşın xəbərçisi ola bilər.
- Kimlərdə daha çox böyrək daşı əmələ gəlir?
– Bu problem hər kəsdə ola bilər, amma bəzi insanlar daha çox risk altındadır. Az su içənlər, xüsusilə gündəlik su norması 1 litr belə olmayanlarda daş ehtimalı yüksəkdir. Həmçinin duzlu yeməkləri, qırmızı əti və zülallı qidaları çox yeyənlərdə daş yaranması sürətlənir. Qazlı içkilərin, enerji içkilərinin çox istifadəsi də böyrəyə yükdür. İsti iqlimdə yaşayanlarda orqanizm daha çox tərlədiyi üçün maye itkisi çoxalır, bu da daş ehtimalını artırır. Əlavə olaraq, irsi faktorlar – yəni ailəsində böyrək daşı xəstəliyinin olması, piylənmə, metabolik pozuntular, bəzi dərmanların uzunmüddətli qəbulu da risk faktorları sırasındadır.
- Böyrək daşını necə aşkar edirsiniz?
– Ən sadə və ilk addım ultrasəs (USM) müayinəsidir. USM vasitəsilə daşın olub-olmadığını və böyrəyin vəziyyətini görmək mümkündür. Amma bəzən kiçik daşlar USM-də görünməyə bilər. Daha dəqiq nəticə üçün kompüter tomoqrafiyası (KT) aparılır, orada daşın ölçüsü, yeri və sərtliyi barədə məlumat almaq olur. Əlavə olaraq, qan və sidik analizləri də vacibdir. Onlar bizə böyrəyin funksiyasını, iltihab olub-olmadığını və daşın hansı maddələrdən əmələ gəldiyini göstərir.
- Müalicə yolları hansılardır?
– Müalicə daşın ölçüsündən və yerləşməsindən asılıdır. Çox kiçik daşlar (4-5 mm) çox vaxt bol su içməklə, müəyyən dərmanların köməyi ilə öz-özünə düşür. Bu halda biz xəstəyə sadəcə maye qəbulunu artırmağı, hərəkətli olmağı, xüsusi dərmanları qəbul etməyi məsləhət görürük. Amma böyrək daşı dərman ilə müalicə nəticəsində düşmürsə, o zaman mütləq müdaxilə lazımdır. Zərbə dalğalarının təsiri nəticəsində daşların parçalanması, böyrəyə bel nahiyəsindən kiçik bir dəliklə daxil olunaraq daşların parçalanması, daşların sidik axarına yeridilmiş xüsusi nazik alətlə xırdalanması kimi üsullardan istifadə olunur. Son vurğuladığım cərrahi üsulun üstünlüyü və fərqi, bədəndə kəsiyin olmamasıdır. 1-1.5 sm aralığında olan böyrək daşlarını ya bu üsulla, ya da zərbə dalğalarının təsiri ilə parçalayıb çıxarırıq. Daha böyük və mürəkkəb hallarda isə perkutan əməliyyatına üz tuturuq. Bu əməliyyat zamanı bel nayihəsindən kiçik dəlik açılır və buradan böyrəyə müdaxilə olunur. Sadaladığım metodlarla daşların xaric edilməsi mümkün olmadıqda böyrək daşları açıq əməliyyat üsulu ilə də xaric edilə bilər.
- Xəstəliyin qarşısını almaq mümkündürmü?
– Bəli, mümkündür. Ən əsas qayda gündə kifayət qədər su içməkdir. Orta hesabla hər kəs gün ərzində 2–2,5 litr maye qəbul etməlidir. Bu, böyrəklərin duzları yuyub atması üçün vacibdir. Yeməklərdə duzu azaltmaq, qazlı içkilərdən uzaq durmaq, qırmızı əti həftədə 2–3 dəfədən çox yeməmək də faydalıdır. Meyvə və tərəvəzlə zəngin qidalanmaq, aktiv həyat tərzi keçirmək, yəni hərəkətsiz qalmamaq böyrəkləri qoruyur. Əgər kimsədə artıq daş yaranıbsa və tez-tez təkrarlanırsa, onda xüsusi analizlər əsasında pasiyent üçün fərdi pəhriz tərtib edilir.
- Böyrək daşı təhlükəli ola bilərmi?
– Əlbəttə. Daş sidik yolunu bağlaya bilər və bu zaman sidik böyrəkdə yığılır. Bu vəziyyət hidronefroz adlanır və böyrək toxumasını zədələyə bilər. Əgər daş vaxtında müalicə olunmazsa, infeksiyalaşa bilər və böyrək funksiyasını itirə bilər. Ona görə də insanlar “keçib gedər” deyə gözləməməlidir. Hər hansı simptom olduqda mütləq həkimə müraciət etmək lazımdır.Göründüyü kimi, böyrək daşları diqqət tələb edən bir problemdir. Sadə addımlarla – bol su içməklə, düzgün qidalanma və profilaktik müayinələrlə daşların qarşısını almaq mümkündür.
- Bəs bütün bu müayinə və müalicə prosesləri icbari tibbi sığorta ilə xəstələrə əlçatandırmı?
– Çox önəmli sualdır. Xəstələr bəzən düşünür ki, bu müayinələr və müalicə üsulları çox baha başa gəlir. Amma artıq ölkəmizdə icbari tibbi sığorta tətbiq olunduğu üçün insanlar rahatlıqla həkimə müraciət edə bilirlər. Əgər xəstə daş səbəbi ilə müraciət edirsə, lazım olan əsas laborator analizlər, USM, KT, zəruri hallarda cərrahi müdaxilələr, əməliyyat və stent yerləşdirilməsi də Xidmətlər Zərfinə daxildir. Yəni pasiyent icbari tibbi sığorta hesabına bu xidmətlərdən yararlana bilir. Bu da insanların vaxtında həkimə müraciət etməsini asanlaşdırır və böyrək daşları kimi ciddi problemlərin ağırlaşmasının qarşısını alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB